Astarada polis məktəblilərlə görüş keçirib

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının və Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Kakalos, Pensər və Şiyəkəran kənd tam orta məktəblərinin IX-XI sinif şagirdləri ilə görüş keçirilib.

Regioninfo xəbər verir ki, çıxış edən Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cəfərov, Polis Akademiyasının əməkdaşı, polis mayoru Asif Əhmədov, rayon təhsil sektorunun müdiri Vüqar Şahbazov və digər iştirakçılar bildiriblər ki, bu görüşlərin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da gücləndirilməsidir. Cəmiyyətimizin və güclü Azərbaycan dövlətinin işıqlı gələcəyi məhz savadlı və sağlam gənclikdən asılıdır.

Tədbir çərçivəsində ali təhsil almaq arzusunda olan məktəblilərə Polis Akademiyası barədə ətraflı məlumat verilib, qocaman təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığı diqqətə çatdırılıb.

Tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub və məktəblilərin sualları cavablandırılıb.

Paylaş: