Lənkəranda “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində təlimlər yekunlaşıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi Dünya Veysəlovanın rəhbəri olduğu “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində 16.01.2024 tarixində 16-cı təlim həyata keçirilib. Bununla da layihə icra planına uyğun olaraq təlimlər yekunlaşıb.

Lənkəran şəhər 7 nömrəli tam orta məktəbinin “Lənkəran STEAM mərkəzi”ndə təşkil olunan və layihənin eksperti Samir Salayevin, təlimçi Faiq Şıxəlizadənin iştirak etdiyi təlimin əvvəlində layihənin rəhbəri – Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin Texnologiya fənn müəllimi Dünya Veysəlova çıxış edərək iştirakçıları salamlayıb. Layihə təlimləri boyunca məktəblilərin əldə etdikləri bacarıqlara diqqət yönəldib. Şagirdlərin uğurlu iştirakını qeyd edib. Yaradılan şəraitə görə Elm və Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib. Sonra STEAM təlimçisi Faiq Şıxəlizadənin təqdimatında 16-cı təlimə start verilib.

Layihənin fəaliyyət planına uyğun olaraq “CNC lazer aparatı nədir. CNC lazer aparatına məhsul hazırlanması. CNC lazer aparatında çap prosesi” mövzusunda təşkil olunan təlimdə məktəblilərə CNC aparatı ilə iş təqdim olunub. Qeyd olunub ki, CNC emalı, işlənmiş hissədən kompüterləşdirilmiş idarəetmə vasitəsi ilə xüsusi formalı dizaynlar yaratmağı özündə cəmləşdirən bir prosesdir. CNC emalını robotlar tərəfindən edilən bir istehsal prosesi kimi xarakterizə etmək olar. Material kəsilə biləcəyi müddətdə, bir CNC dəzgahında məhsul istehsalı üçün istifadə edilə bilər. Sonra həmin texnoloji avadanlıqdan istifadə olunmaqla xüsusi ideyalar dizayn olunaraq çap edilib. Məktəblilər öz əl işlərini hazırlayıblar. Təlim böyük maraqla müşayiət olunub.

Qeyd edək ki, “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsi Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbindən seçilmiş 20 nəfər şagird üçün nəzərdə tutulmuşdur və Lənkəran rayonunda icra olunur. Layihənin icra planına uyğun olaraq hər biri 2 saat olmaqla 16 təlim icra olunub. Təlimlər zamanı STEAM proqramına uyğun olaraq bacarıqlar öyrədilib. Təlimlərdə iştirak edən məktəblilər Lənkəran STEAM mərkəzində xüsusi avadanlıqlarla işləməyi öyrənib, öz ideyalarını reallaşdırmağı bacarıblar. Məktəblilərin təlimlər boyunca yaratdıqları əl işləri layihənin bağlanış tədbirində ictimaiyyətə təqdim olunacaqdır.

“Məktəblilərimizdə STEAM bacarıqlarının
yaradılması və inkişaf etdirilməsi” layihəsinin
mətbuat xidməti

Paylaş:
Yuxarı