Azərbaycan Ordusunda idarəetmənin əsasını müasir rəqəmsal rabitə vasitələri təşkil edir

Texnologiya günümüzün ayrılmaz hissəsidir. Dövrün tələbinə çevrilən müasir rəqəmsal texnologiya sabit qalmır, daim yenilənir və inkişaf edir.

Hər keçən gün yeni bir texnoloji inkişafla qarşılaşmaq təəccüb doğurmur. Bu proses həm də yaşayışımızı asanlaşdırır, avtomatlaşdırır və müşkül işlər öz həllini qısa zaman kəsiyində tapır.
Rəqəmsal texnologiyanın inkişa¬fını dəyərləndirən ölkələr bu yeniliyi ordularında da tətbiq edirlər. Bu mənada, Azərbaycan Ordusunun rabitə sistemlərinin imkanlarının in¬kişafı məqsədilə görülən işlər diqqəti cəlb edir.
Azərbaycan Ordusunda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarə edilməsi yüksək səviyyədə həyata keçirilir. Qarşı tərəfin radioe¬lektron mübarizə (REM) vasitələrinə qarşı ən müasir yeni rabitə vasitələri alınaraq istifadəyə verilib. Ordumu¬zun silahlanmasına, bir çox mobil rabitə kompleksləri də daxil edilib. Eyni zamanda, Azərbaycan Ordusu¬nun arsenalında olan döyüş texni¬kalarındakı rabitə vasitələri müasir radiostansiyalarla əvəzlənir. Bundan əlavə, ordumuzda müasir tələblərə cavab verən cihazlarla təmin edilmiş laboratoriyalar fəaliyyət göstərir. Bu¬rada da istehsalatla yanaşı, peşəkar radiomexaniklər tərəfindən cari təmir işləri həyata keçirilir.

Azərbaycan Ordusunun bölmələri ən müasir rəqəmsal rabitə vasitələri ilə təchiz edilib. İşğaldan azad edilən ərazilərdə dislokasiya olunan bölmələrin idarə edilməsində dünya¬nın ən qabaqcıl ölkələrindən alınan rabitə texnikası və vasitələrindən istifadə olunur. Azərbaycan Ordusunun idarəçiliyində məxfililik və qoşunların gizli idarə olunması nəzərə alınıb. Ordunun silahlanma¬sında yer alan döyüş texnikalarının rabitə vasitələri yeni müasir rəqəmsal radiostansiyalarla əvəz olunub.

Ümumiyyətlə, lokal və qlobal münaqişələrin həllində güc tətbiqi getdikcə daha geniş vüsət alır və bu proseslərdə REM vasitələri həlledici faktora çevrilmişdir. Birmənalı şəkildə, daha mükəmməl REM-ə malik olan ordu yüksək müvəffəqiyyətlərə nail olur. Texnikaların modernizasiyası həlledici rola malik REM-in inkişafını və təkmilləşdirilməsini istisna etmir. Çünki radiodalğa böyük məlumat massivlərinin uzaq məsafələrə yüksək sürətlə çatdırılmasını təmin edən yeganə vasitədir.

Silahlı qüvvələr etibarlı rabitə sistemləri ilə təmin olunmursa, həmin ordunun məğlubiyyətə düçar olması qaçılmazdır. Sülh və savaş dönəmində, aralıqsız şəkildə poten¬sial rəqiblərin rabitə sistemlərinin “dinlənməsi” hərbi təhlükəsizliyin vacib əməllərindən biridir. 44 günlük Vətən müharibəsində Azərbaycan Or¬dusunun Qələbə qazanmasında REM vasitələrinin əhəmiyyəti danılmazdır. Xatırladım ki, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi general-polkovnik Movses Akopyan 2020-ci ilin noyabrın 19-da İrəvanda keçirdiyi mətbuat konfran-sında bir sıra maraqlı açıqlamalarla çıxış etmişdi. O, Azərbaycanın pilot¬suz uçuş aparatlarına (PUA), xüsusilə də Ermənistan ordusunun hərbi texnikalarını məhv edən “Bayraktar TB2” silahlı PUA-larına qarşı istifadə etdiyi ən yeni sistemin effektsiz olma¬sını təəssüf hissi ilə dilə gətirmişdi. General bildirmişdi ki, Ermənistan tərəfi döyüşlərin gedişatında Rusiya¬dan alınmış “Pole-21” REM kompleksi ilə ilk günlər TB2-lərin işini müəyyən dərəcədə pozmağı bacarsa da, 4 gün sonra adıçəkilən sistem heç bir işə yaramadı. “Bayraktar TB2”lər əvvəlki qaydada Ermənistan ordusunun ön xətdə və cəbhənin dərinliyindəki obyektlərini vurmağa davam edib. Əlbəttə, bu cinayətkar Ermənistanın məğlubiyyəti, Azərbaycan Ordusunun qələbəsi idi.
Heç təsadüfi deyil ki, dünya dövlətləri öz ordularının REM sistemlərinin etibarlı quraşdırılma¬sına olduqca önəm verirlər. Etibarlı rabitə sistemi dedikdə, radiodalğa-ların kəsintisiz və ya güclü olması qədər düşmən tərəfindən dinlənə bilməməsi də nəzərdə tutulur. Məhz bu sahədə meydana çıxan boşluq¬lar məğlubiyyətin görünməz “iz”ləri, səssiz “əcəl zəngləri”dir.
Ermənistanın radioelektron mübarizə sistemlərini dərindən təhlil edən Azərbaycan Silahlı Qüvvələri labüd savaş ssenarisində düşmənin rabitə əlaqələrinin izlənməsi və dinlənməsi, eləcə də əlaqəyə müdaxilə detallarını nəzərdən qa¬çırmamışdı. Azərbaycan Ordusunun düşmən radiodalğalarında “fırtına qoparan” sistemlərlə təminatında ən önəmli yeri, təbii ki, qardaş Türkiyənin təmsilçisi olan ASELSAN şirkəti tutur.

Vətən müharibəsindən öncə və savaş günlərində ASELSAN-ın COMINT (Communications Intelligen¬ce) sistemləri vasitəsi ilə düşmənin səs və məlumat yüklü radio dalğa¬larının axışını hədəf alan kommuni¬kasiya kəşfiyyatı Azərbaycan Silahlı Qüvvələrinə bir çox üstünlüklər qa¬zandırmışdı. Müharibənin gedişində ASELSAN-ın COMINT sistemləri vasitəsilə düşmənin hər gün orta hesabla 80 məlumatını dinləmək və lokasiyalarını təyin etmək mümkün olub.
Ümumiyyətlə, ASELSAN hərbi sahədə istifadə oluna biləcək müxtəlif spektrli, o cümlədən KORAL Mobil Radioelektron Mübarizə Sisteminin istehsalını həyata keçirir. KORAL Mobil Radioelektron Mübarizə Sistemi hərbi taktik maşınlara inteqrasiya edilmiş, geniş dalğa diapazonların¬da çalışan Elektron Dəstək Sistemi (KORAL ED) və Elektron Hücum Sistemindən (KORAL ET) ibarətdir. Azərbaycan Ordusunun arsenalında yer alan və hərbi qüvvələrin imkanla¬rını əhəmiyyətli dərəcədə artıran bu sistem radar dalğalarını aşkarlayır, analiz edir, istiqamətini təyin edir. Bununla yanaşı, hədəf radarları qarış¬dırıb aldadaraq, onların funksiyalarını yerinə yetirmələrinə maneçilik yaradır. Bu imkanlarına görə KORAL sistemi düşmənin hava hücumundan müdafiə sistemlərinə önəmli zərbə vuracaq qabiliyyətə malikdir.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalat müəssisələri də zaman-zaman REM vasitələrinin istehsalı, hazırlanması və inkişafı istiqamətində müəyyən addımlar atıblar. Məsələn, 2016-cı ilin sent¬yabr ayında nazirliyin Elmi Tədqiqat İnstitutu (ETİ) tərəfindən ADEX sərgisində nümayiş etdirdiyi GSM/BS-REM kompleksi döyüş və antiterror əməliyyatları zonasında mobil GSM rabitəsinin baza stansi¬yalarının susdurulması üçün işlənib hazırlanıb. Çıxış gücü 50Vt təşkil edən kompleks 880-1980 MHz tezliklərdə fəaliyyət göstərir. Bir nəqliyyat vasitəsinə bazalaşdırıla bilən kompleksin ötürücüsünün çəkisi 22 kq, antenlərin çəkisi 10 kq təşkil edir. GSM/T-REM cihazı isə ərazidəki mobil GSM rabitə terminal¬larının susdurulması üçün nəzərdə tutulur. 925-2170 MHz tezliklərdə çalışan kompleks maşınlara quraş¬dılır. Müəssisənin KNS-REM adı verilmiş GPS və QLONASS peyk naviqasiya sistemlərinin siqnallarına maneəqoyma stansiyası isə döyüş əməliyyatları zonasında düşmənin peyk naviqasiyasından istifadə edən sistemlərini, avtomatlaşdırılmış artilleriya-kəşfiyyat komplekslərinin, o cümlədən pilotsuz uçuş aparatları¬nın fəaliyyətini əngəlləmək üçün va¬cibdir. Çıxış gücü ən azı 30Vt təşkil edən stansiyanın təsir məsafəsi ən azı 30 kilometrdir. 400x160x680 mm ölçülərə malik stansiyanın nəqliyyat vasitələrindən yerləşdirilməsi mümkündür.

Bir sözlə, Azərbaycan Ordusu REM sahəsində yeniliklər tətbiq edir. Bu da ordumuzun döyüş qabiliyyətini və təhlükəısizliyinin artırılmasında əvəzsiz rol oynayır.

Bu yazı Media Agentliyinin “Ən yaxşı jurnalist araşdırması” nominasiyasının qalibi olub.

Rizvan Fikrətoğlu

Paylaş:
Yuxarı