Lənkəranda mal-qara oğurlayan keçmiş məhkumlar saxlanılıb

Cəlilabadlı keçmiş məhkumlar Lənkəranda mal-qara oğurluqlarına görə saxlanılıblar. Saxlanılarkən onlardan birindən tapança aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan regioninfo-ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kərgəlan, Şağlakücə, Haftoni və Ləj kəndlərinin ərazisindəki örüş sahələrindən müxtəlif vaxtlarda ümumilikdə 17 nəfərə məxsus mal-qaranı oğurlayan şəxslər saxlanılıb. Araşdırmalarla onların Cəlilabad rayon sakinləri, əvvəllər külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi, qanunsuz silah saxlama, gəzdirmə maddələri ilə məhkum olunmuş Anar Sarxanov və cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi Ramil Əliyev olduqları müəyyən edilib. Məlum olub ki, həmin şəxslər örüş sahələrindən oğurladıqları mal-qaranı A.Sarxanovun idarə etdiyi “Ford” markalı yük avtomobili ilə müxtəlif rayonların ərazisindəki heyvan bazarlarına apararaq orada satıblar. Həmin şəxslər saxlanılarkən Ramil Əliyevin üzərindən “Makarov” tipli tapança və həmin silaha aid 3 ədəd patron aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq R.Əliyevin həmin odlu silahı cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi digər şəxsdən, Salyan rayon sakini, əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunmuş Rövşən Mehtiyevdən əldə etdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən Salyan rayonu ərazisində saxlanılaraq istintaqa təqdim edilən R. Mehtiyev həmin odlu silahı artıq vəfat etmiş atasından əldə etdiyini bildirib.

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı