Lənkəranda “Qarabağ Azərbaycandır” məktəblilərarası bilik yarışı yekunlaşıb: Qaliblər elan olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi – Gülşən Axundzadənin rəhbəri olduğu “Qarabağ Azərbaycandır!” məktəblilərarası bilik yarışı layihəsinin Final mərhələsi həyata keçirilib.

28.01.2024 tarixində Lənkəran şəhər M.Bağırov adına 1 nömrəli tam orta məktəbində təşkil olunan Final yarışında Lənkəran rayonunun 5 müxtəlif ərazisi üzrə ən yüksək nəticə qazanmış 26 nəfər məktəbli iştirak hüququ qazanmışdır. Layihənin rəhbəri Gülşən Axundzadənin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə sektorunun aparıcı məsləhətçisi Cəmil Axundzadənin və layihənin eksperti – Lənkəran Dövlət Universitetinin müəllimi Samir Salayevin də iştirakı ilə təşkil olunan yarışda məktəblilərə öncədən elan olunduğu kimi 30 ədəd sual Qarabağın Tarixi və 30 ədəd sual Qarabağın Coğrafiyası mövzu istiqamətləri üzrə təqdim olunub. Verilən 2 saat müddətində məktəblilər suallara cavablar yazıblar. Yarış bitdikdən sonra sualların xüsusi proqram təminatı ilə yoxlanması həyata keçirilərkən məktəblilər üçün bir neçə maraqlı sessiyalar təşkil olunub.

1 saat müddətinə nəzərdə tutulan çay fasiləsi məhsuldar təşkil olunaraq qidalanma ilə yanaşı həm “Gələcək üçün əsas hədəfim nədir?” mövzusunda diskussiya təşkil olunub, həm də əyləncəli strateji oyunlar həyata keçirilib.
Çay fasiləsindən sonra “Qarabağ Azərbaycandır!” məktəblilərarası bilik yarışı layihəsinin sual tərtibatçıları olan müəllimlərlə finalçıların görüşü təşkil olunub.Tarix fənni üzrə İlkin Qəniyev müəllim və Coğrafiya fənni üzrə Ceyhun Əskərli müəllim final yarışının sualları ilə bağlı finalçıları maraqlandıran suallara cavab veriblər. Sual-cavab əsasında təşkil olunan görüş şagirdlərin böyük marağı ilə müşayiət olunub.

Saat 14:00-da “Qarabağ Azərbaycandır!” məktəblilərarası bilik yarışı layihəsinin mükafatlandırma və bağlanış mərasimi start götürüb. Tədbirdə ilk öncə final yarışına vəsiqə qazanan bütün məktəblilər layihə rəhbərliyi tərəfindən xüsusi Təşəkkürnamələrlə təltif olunub. Sonra yarışın ilk 5 yerini qazanan şagirdlər təqdim olunaraq təltif olunub.

“Qarabağ Azərbaycandır!” məktəblilərarası bilik yarışı layihəsinin qaliblərini təqdim edirik:
1-ci yer – Rəhimli Ayna (N.Aslanov adına Ləj kənd tam orta məktəb)
2-ci yer – Orucov Şakir (Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziya)
3-cü yer – Mahmudov Məzail (Boladi kənd 2 nömrəli tam orta məktəb)
4-cü yer – Cabbarov Yusif (Lənkəran şəhəri H.Aslanov adına 3 nömrəli tam.o.m)
5-ci yer – Rüstəmova Məleykə (N.Aslanov adına Ləj kənd tam orta məktəb)

1- yerin sahibi Birincilik kuboku, Medalla, diplomla təltif olunub. Təmsil etdiyi ümumtəhsil müəssisəsi də xüsusi diplomla təltif olunub;
2-ci, 3-cü yerin sahibləri Medalla, diplomla təltif olunub. Təmsil etdikləri ümumtəhsil müəssisələri də xüsusi diplomla təltif olunub;
4-cü, 5-ci yerin sahibləri Medalla və diplomla təltif olunub;

Sonda təltif olunan bütün iştirakçılarla birlikdə xatirə şəkilləri çəkilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşən “Qarabağ Azərbaycandır!” məktəblilərarası bilik yarışı layihəsi uğurla başa çatıb.

“Qarabağ Azərbaycandır!” məktəblilərarası bilik yarışı layihəsinin mətbuat xidməti

Paylaş:
Yuxarı