Təkrar sertifikatlaşdırmadan keçməyən 50 müəllim başqa işlə təmin edilib

Təkrar sertifikatlaşdırmadan keçməyən 50 müəllim digər vəzifələrdə işlə təmin edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) “Report”a verilən məlumata görə, İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrindən 141 müəllim təkrar sertifikatlaşdırma imtahanından müvafiq keçid balını toplaya bilməyib. Bu baxımdan onların əmək müqaviləsinə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq 4 sentyabr 2023-cü il tarixində xitam verilib.

Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təkrar sertifikatlaşdırma prosesinin nəticəsinə əsasən, əmək müqaviləsi ləğv edilmiş təhsilverənlərlə işin təşkili məqsədilə BŞTİ-də komissiya yaradılıb. Komissiya 5 sentyabr 2023-cü il tarixində fəaliyyətə başlayıb və bu müddət ərzində təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərlə görüş təşkil olunub, onların ailə tərkibi və sosial vəziyyəti barədə məlumatlar araşdırılıb.

Hazırkı dövrə kimi həmin şəxslərdən sosial baxımdan həssas qrupa aid 50 nəfər təhsil müəssisələrində digər vəzifələrdə işlə təmin edilib.

Paylaş:
Yuxarı