Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş kitabın təqdimatı olub – FOTO

Biləsuvar rayonunda Azərbaycan Yazıçılar Birliyinin üzvü, publisist Müşfiq Malik Muğanlının Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Mübarizdən sonra” adlı kitabının təqdimat mərasimi keçirilib.

Regioninfo-nun məlumatına görə, mərasim Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Biləsuvar rayonunun Əliabad kəndindəki ev muzeyində baş tutub.

Rayon rəsmiləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə Milli Qəhrəmanın keçdiyi şərəfli yoldan geniş söhbət açılıb. Kitabın məsləhətçisi, Milli Qəhrəmanının atası Ağakərim İbrahimov müəllifə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd olunub ki, kitabın baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, redaktoru isə şərqşünas-tərcüməçi Famil Burxanoğludur.

İki hissədən və dörd bölmədən ibarət olan kitabın birinci hissəsində oxucular Ağakərim İbrahimovun uşaqlara, yeniyetmələrə, gənclərə verdiyi məsləhətləri, düşüncələri, məşhur insanların Mübariz İbrahimov haqqında fikirləri, ikinci hissəsində Mübariz İbrahimovun həyat hekayəsi, esse və şeirlərlə, sonda isə “Müqəddəs Mübarizim” poeması ilə tanış ola bilərlər.

Paylaş:
Yuxarı