Biləsuvarda su arxının kənarından silah-sursat aşkarlanıb

Biləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisindəki su arxının yaxınlığından silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat, 9 ədəd daraq və 293 ədəd patron aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə keçirdikləri profilaktiki tədbirlər nəticəsində 3 nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Paylaş: