Lənkəranda “Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsi yekunlaşıb: iştirakçılar təltif olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi – Tükəvilə kənd tam orta məktəbinin müəllimi Lalə Əzizovanın rəhbəri olduğu “Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsinin bağlanışı tədbiri baş tutub. 23.02.2024 tarixində Lənkəran rayonu Şağlaser kənd ümumi orta məktəbində baş tutan tədbirdə məktəb rəhbərləri, müəllimlər, layihə komandasının üzvləri və layihəyə seçilmiş məktəblilər iştirak edib.

Yüksək səviyyədə təşkil olunan tədbirin giriş hissəsində “Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsinin rəhbəri Lalə Əzizova çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Layihə çərçivəsində görülən işlərə qısa nəzər saldıqdan sonra layihə çərçivəsində təlimlərdə əldə etdikləri bacarıqları ictimaiyyətə təqdim etmək üçün “mənim startapım” adlı sessiyanı açıq elan edib.

“Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsinin təlimçisi – RODOOS Training Consulting şirkətinin təsisçisi, biznesin idarə edilməsi və startap layihələri üzrə böyük təcrübəyə malik, beynəlxalq təlimçilik sertifikatına sahib Rafət Şirəliyevin moderatorluğu ilə məktəblilər 6 komanda olaraq startap bizneslərini təqdim ediblər. Layihənin ana xəttinə uyğun olaraq Qarabağımızın iqtisadi inkişafı hədəf seçilərək təqdim olunan ideyalar tədbir iştirakçılarının böyük marağı ilə müşayiət olunub. Biznes ideyalarda həm Qarabağımızın tanıtımının, həm də Qarabağımızın əhalisinin məşğulluq imkanlarının artırılmasının yeni innovativ proqramlarla təmin olunması ifadə olunub. Həmçinin, bütün proseslər boyunca BMT-nin dayanıqlı inkişaf məqsədlərinin hər birinin qorunması xüsusilə nəzərə alınıb. Təqdimatın sonunda moderator hər bir biznes ideyanı auditoriyanın müzakirəsinə təqdim edib. Böyük maraqla izlənilən təqdimat sessiyası bitdikdən sonra çıxışlara yer verilib.
“Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsinin təlimçisi – Lənkəran Dövlət Universitetinin müəllimi, peşəkar təlimçi Samir Salayev çıxış edərək qeyd edib ki, layihənin icrası planına uyğun olaraq əvvəlcə Qarabağ ərazilərinin iqtisadi-coğrafi potensialı şagirdlər üçün təhlil olunmuş. Qarabağda səmərəli biznes ideyaları düşünmək üçün təbii resurslar haqqında məlumatlar öyrənilmiş. Bundan sonra isə şagirdlərdə real startap ideyalarını təqdimetmə bacarıqlarının yaradılması üzrə təlimlər həyata keçirilmişdir. Toplamda hər biri 2 saat olmaqla təşkil olunan 16 təlimin ilkin nəticəsi olan bugünkü təqdimatlar bir daha onu göstərir ki, layihə öz məqsədinə çatmışdır. Sonra şagirdlərə təlimlər boyunca fəallıqlarına görə təşəkkürünü ifadə edib.
Lənkəran rayonu Tükəvilə kənd tam orta məktəbinin direktoru Günay İsmayılova öz çıxışında məktəblilərin uğurlu təqdimatlarına toxunaraq bu nailiyyətin əldə olunmasında layihə komandasının işini yüksək dəyərləndirib. Yaradılan imkanlara görə Elm və Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib.
Lənkəran rayonu Şağlaser kənd ümumi orta məktəbinin direktoru Aygün Fətullayeva çıxış edərək qeyd edib ki, şagirdlərinin biznes ideyalarını uğurla təqdim etməsi onun çox sevindirir. Layihə boyunca həyata keçirilən təlimlər qısa müddətdə olsa da , məktəblilərin bacarıq və vərdişlərində yeni müsbət istiqamətlərə yol açıb. Bir rəhbər olaraq bu uğurlu nəticəyə görə layihə komandasına təşəkkürünü ifadə edib.
Fəal müəllimlərdən olan Elnurə Cəfərzadə öz çıxışında məktəblilərdə bugün müşahidə etdiyi pozitiv əhval ruhiyyəni yüksək qiymətləndirib. Təqdimatlar zamanı məktəblilərin işini dəyərləndirərək gələcək fəaliyyətlərində uğurlar diləyib.

Çıxışlar bitdikdən sonra “Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində təşkil olunan təlimləri uğurla başa vuran məktəblilər xüsusi Sertifikatlarla təltif olunub. Sonda xatirə şəkilləri çəkilib.

“Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsi 01.10.2023-01.03.2024-cü il tarixlərində Lənkəran rayonunda icra olunur.

Məktəblilərdə Startap təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi layihəsinin mətbuat xidməti

Paylaş: