“Uşaqlıqdan gəncliyə keçid” reproduktiv sağlamlıqla bağlı maariflənmə proqramı layihəsinin bağlanış mərasimi olub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan “Uşaqlıqdan gəncliyə keçid” reproduktiv sağlamlıqla bağlı maariflənmə proqramı layihəsinin bağlanış mərasimi keçirilib.
Mərasim Biləsuvar rayonu V. Rüstəmov adına Ağayrı kənd tam orta məktəbinin akt zalında baş tutub. Tədbirdə layihə rəhbəri Aysel Nəsirova, məktəbin direktoru Fərhad Əhmədli, layihənin idarə heyəti üzvləri, müəllimlər, valideynlər və şagirdlər iştirak edib.
Öncə çıxış edən layihə rəhbəri A. Nəsirova layihə haqqında və icra prosesi barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd məktəbdə 5-8-ci sinif şagirdlərində yeniyetməlik dövründə psixoloji, cinsi, emosional, intellektual, mədəni və mənəvi həyatlarının inkişafı zamanı yarana biləcək dəyişiklikləri, bu dəyişikliklərin hansı problemlərə səbəb ola biləcəyini göstərmək və həll yollarının tətbiq edilməsini nümayiş etdirməkdir. Bildirib ki, layihə boyunca ümumi olaraq 12 təlim keçirilib. Təlimlərdə 25 oğlan və 25 qız olmaqla ümumilikdə 50 şagird iştirak edib.
Tədbirdə çıxış edənlər digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin icrasının uğurla keçdiyini qeyd ediblər.
Daha sonra təlimlərdə iştirak edən şagirdlərə sertifikat təqdim olunub.
Paylaş:
Yuxarı