Bu il Cəlilabad və Biləsuvarda vətəndaşlardan götürülən odlu silahların sayı məlum olub

Cari ilin əvvəlindən etibarən Cəlilabad və Biləsuvar rayonlarında vətəndaşlardan 174 ədəd odlu silah götürülüb.

Bu barədə “Report”un yerli bürosunun sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib.

Onun sözlərinə görə, artıq bir müddətdir ki, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vətəndaşlara qanunsuz saxlanılan odlu silahları könüllü olaraq polis əməkdaşlarına təhvil vermələri barədə çağırışlar edilir:

“Bu proses Cəlilabad və Biləsuvar rayonlarında da uğurla davam etdirilir. Cəlilabad rayonunda son iki ay ərzində əməliyyat və profilaktiki tədbirlər nəticəsində 41 ədəd ov tüfəngi, 2 ədəd avtomat və 1 ədəd tapança vətəndaşlardan təhvil götürülüb. Biləsuvar rayonunda isə son iki ay ərzində 47 ədəd ov tüfəngi və 2 ədəd avtomat aşkarlanaraq götürülüb. Ümumilikdə cari ilin əvvəlindən Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində keçirilən əməliyyat və profilaktiki tədbirlər zamanı 3 ədəd avtomat, 1 ədəd tapança və 59 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən isə ilin əvvəlindən 1 ədəd tapança, 3 ədəd avtomat və 107 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb”.

Regional qrupdan, həmçinin qeyd edilib ki, vətəndaşlar bu məsələyə daim diqqətlə və həssallıqla yanaşmalıdırlar.

Paylaş:
Yuxarı