Biləsuvarda Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunmuş güləş üzrə birincilik keçirilib

Vətən müharibəsi şəhidi Babək Mahmudlunun xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə açıq birincilik keçirilib.

Regioninfo-nun  məlumatına görə, turnirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis müavini Emin Mustafayev, Azərbaycan Güləş Federasiyasının nümayəndəsi, beynəlxalq dərəcəli hakim Tural Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin valideynləri və rayon sakinləri iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirin açılış mərasimində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və digər natiqlər bildiriblər ki, 2020-ci ilin 27 sentyabrında Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda başlanan Vətən müharibəsində Biləsuvar rayonundan yüzlərlə gənc könüllü olaraq əlinə silah alıb 30-ilə yaxın erməni işğalı altında qalan torpaqlarımızın azadlığı uğrunda döyüşə yollandı. 44 gün ərzində qəhrəmancasına döyüşərək canı-qanı bahasına işğala son qoyan biləsuvarlı igidlərimizin 69 nəfəri şəhidlik zirvəsinə yüksəldilər. Onların arasında hamımızın yaxşı tanıdığı mərd, mübariz igidimiz Babək Mahmudlu da Vətən yolunda döyüşərək şəhidlik zirvəsinə ucalıb. Bugün keçirilən yarış Babək Mahmudlunun timsalında bütün şəhidlərimizə həsr olunur.
Çıxışlardan sonra şəhidlərimizin həyatını və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.

Astara, Lənkəran, Masallı, Cəlilabad, Salyan, Sabirabad, Bakı Arena, Şirvan, Qusar, Gəncə və Biləsuvar komandalarının ümumilikdə 100 nəfərdən çox idmançısı arasında gərgin və maraqlı görüş keçirilib. Yaş qrupları üzrə keçirilən görüşlərin sonunda qaliblər mükafatlandırılıb.

Mükafatlandırma mərasimində qalib idmançılara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.

Paylaş:
Yuxarı