ADPU-nun Cəlilabad filialı və Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Rayon Veteranlar təşkilatının sədri, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, şair-publisist Ədalət Salmana Prezident Təqaüdünün verilməsi münasibətilə görüş keçirilib.
Tədbirdə ilk olaraq Ulu Öndərin və Vətən uğrunda canından , qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qarabağ Qaziləri ictimai birliyinin, Rayon Ağsaqqallar Şurasının, Cəlilabad RİH yanında İctimai Şuranın üzvləri, Əmək və Müharibə veteranları, şair və yazıçılar, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, filialın professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filialın direktoru X. Sultanlı Ədalət Salmanı Prezident Təqaüdünə layiq görülməsi münasibətilə təbrik edib. Onun “Açın bu dünyanın qapılarını”, “Bu dünyada yaxşılıqlar qalacaq”, “Məni tənha buraxın”, “Gəl dərdləşək”, “Gedək,bəxtim əlini ver” və “İlahi,sən bizi sözə bağışla” şeir kitablarının, “Şərəfli ömür yolu” və “Şəhidlik zirvəsinə ucalanlar” publisistik kitablarının müəllifi olduğunu vurğulayaraq yaradıcılıq fəaliyyətində uğurlar arzu edib.
Sonra tədbir iştirakçıları Ədalət Salmanın həyat və yaradıcılığı haqqında hazırlanmış video-çarxa baxıblar.
Daha sonra Qarabağ Qaziləri ictimai birliyi Cəlilabad filialının sədri Maşalla Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Cəlilabad RİH yanında İctimai Şuranın sədr müavini Rza Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, Zülfi Vellidağ, Veteran müəllimlərdən Kəramət Həsənov, Adıgözəl Nuriyev, qonşu rayonlardan gəlmiş şairlərdən Əhməd Qala, Salamat Biləsuvarlı və başqaları çıxış edərək Prezident Təqaüdçüsü Ədalət Salmanın eyni zamanda Cəlilabad RİH-nin Fəxri Fərmanı, Respublika Mətbuat Şurasının “Təşəkkürnamə”si, Azərbaycan Jurnalistlər Birliyinin “Diplom”u ilə təltif olunduğunu qeyd ediblər və ona uğurlarının davamlı olmasını arzulayıblar.
Tədbirin davamında Prezident Təqaüdçüsü Ədalət Salman tədbirin təşkilatçılarına və iştirakçılara xoş sözlərinə, təbriklərə görə öz təşəkkürünü bildirib və yeni şeirlərini oxuyub.
Sonda isə tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.