“Təlim nəticələri zəif olan təhsilalanların fərdi plan əsasında nəticələrinin yüksəldilməsi” layihəsinin açılışı olub

Masallı rayonunda “Təlim nəticələri zəif olan təhsilalanların fərdi plan əsasında nəticələrinin yüksəldilməsi” layihəsinin açılış mərasimi keçirilib.
Mərasim Masallı şəhər 1 saylı tam orta məktəbində baş tutub.
Açılış mərasimində layihə rəhbəri, layihənin eksperti, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı sektoru üzrə baş məsləhətçisi Samit İslamov, işçi qrupu və müəllimlər iştirak edib.
Çıxış edən layihə rəhbəri qeyd edib ki, layihənin məqsədi əvvəlki tədris illərində buraxılış imtahan nəticələri zəif olan Masallı rayonunun 8 məktəbində sonuncu kurs tələbələrinin təcrübə keçmələrini təmin etməklə, pedaqoji ixtisaslı məzunların gələcəkdə ucqar rayon və kəndlərdə yerləşən məktəblərdə çalışmalarına motivasiya vermək və maraq artırmaqla, həm müəllimlər, həm də şagirdlər üçün dəyər yaradaraq, təhsilalanların nəticələrinin yüksəldilməsinə dəstək olmaqdır.
Bildirilib ki, tələbələrin nəzəri biliklərinin peşəkar iş öncəsi praktik bacarıqlara inteqrasiyası istiqamətində dəstək veriləcək, maraqlı olan potensiallı metodistlərin və ekspertlər müəyyən olunacaq, ehtiyaca uyğun intensiv proqram hazırlanacaqdır. Həmçinin seçilmiş müəllimlər vasitəsilə qısamüddətli mentorluq xidməti tətbiq olunacaqdır.
Digər çıxış edən qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar diləyiblər.
Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən biridir.

 

Paylaş:
Yuxarı