Azərbaycan Prezidenti: “İndi müstəqillik tariximizin inkişaf dövrünün qürurverici yeni mərhələsindəyik”

“İndi müstəqillik tariximizin inkişaf dövrünün qürurverici yeni mərhələsindəyik”.

Regioninfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarına ünvanlandığı müraciətdə qeyd olunub.

“Sevindirici haldır ki, könüllülərimiz bu gün yurdun hər bir guşəsində dövlət gənclər siyasətinin məqsəd və prinsiplərinə uyğun şəkildə Azərbaycanın davamlı tərəqqisinə yönəlmiş sosial təşəbbüslərə və innovativ layihələrə hamılıqla qoşulurlar. Onlar ekofəallarımızla birgə Qarabağda təbii sərvətlərimizin qanunsuz istismarına qarşı etiraz ifadə edən və uğurla nəticələnən dinc aksiyanın əsas iştirakçıları olmuşlar. Artıq onların həmçinin ölkə hüdudlarından kənarda humanitar yardım istiqamətində koordinasiyalı fəaliyyət təcrübəsi vardır”, – dövlət başçısı bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, indi müstəqillik tariximizin inkişaf dövrünün qürurverici yeni mərhələsindəyik: “İşğaldan azad edilmiş ərazilərimizdə ən qısa zamanda həyatın əvvəlki ahənginə qaytarılması üçün genişmiqyaslı işlər aparılır. İnanıram ki, Ulu Öndərin tövsiyələrini özünüzə şüar seçən siz könüllülər Vətənə və dövlətə bundan sonra da dərin bağlılıq nümayiş etdirəcək, yüksək fəallıq göstərərək Böyük Qayıdışa töhfələr verəcəksiniz”.

Paylaş:
Yuxarı