Biləsuvarda Mübariz İbrahimovun anım günü qeyd edilib

Biləsuvar rayonun Əliabad kəndində Milli Qəhrəman, şəhid İbrahimov Mübariz Ağakərim oğlunun anım günü ilə əlaqədar ata ocağı ziyarət olunub.

Regioninfo-nun məlumatına görə, ziyarətdə rayon rəsmiləri, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəmanmızın şərəfli döyüş yolundan söz açılıb, xatirəsi yad edilib. İştirakçılar bildirib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri, Milli Qəhrəman, şəhid İbrahimov Mübariz Ağakərim oğlu 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-2005- ci illərdə Malik Piriyev adına Əliabad kənd tam orta məktəbində təhsil alıb. 2005 – ci ildə müddətli həqiqi hərbi xidmətə çağrılıb və əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. 2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Qeyri-bərabər döyüşdə o, çox sayda düşmən əsgər və zabitini məhv edib. M.İbrahimov düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub. Həmin gecə – 18 iyun tarixində səhər saatlarındakı qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Tərtər rayonu istiqamətində düşmən mövqeyində şəhid olan Mübariz İbrahimovun nəşi 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınıb. Bir gün sonra, noyabrın 7-də şəhid Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub. Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Paylaş:
Yuxarı