Turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsinin qalibi olan “Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili layihəsi həyata keçirilir.
30.11.2025 tarixində layihə icra planına uyğun olaraq Sım kəndində həyata keçirilən tikinti işlərinin gedişatına baxış həyata keçirilib. Layihənin rəhbəri Pərviz Salayevin, layihə koordinatoru Samir Salayevin və layihə eksperti Rafət Şirəliyevin iştirakı ilə həyata keçirilən baxış zamanı Sım məhsullarının satış köşkündə davam edən tikinti prosesinə baxış keçirilib. Məlumat üçün qeyd edək ki, təqdim olunmuş dizayn əsasında köşkün tikintisinin demək olar ki 95%-i yekunlaşıb. Hazırda qapı-pəncərələrin yerinə bərkidilməsi və boyama işləri həyata keçirilir. Növbəti mərhələdə məhsul satışı üçün münasib vitrinlərin qurulması və s. kimi işlərin həyata keçirilməsi ilə satış köşkünün tikintisinin yekunlaşması nəzərdə tutulub.
Baxış tədbirinin davamında layihə çərçivəsində nəzərdə tutulan və piknik şəraitinin tam təmin olunması üçün nəzərdə tutulan Söhbətgahların (besedka) tikinti prosesinə baxış keçirilib. Tikintisi nəzərdə tutulan Söhbətgahlardan hər ikisinin də tikintisi artıq yekunlaşıb. Hazırda döşəməyə “metlax” vurulması işləri həyata keçirilir. Piknik ərazisi üçün hazırda paralel olaraq uşaq -əyləncə atraksionlarının quraşdırılması işləri və “besedkalar” üçün stol-stul dəstlərinin hazırlanması işləri icra olunmaqdadır. Həmçinin layihədə nəzərdə tutulan 2 ədəd samovar və hər biri 20 ədəd şişdən ibarət 2 ədəd kabab manqalınının hazırlanması sifarişləri də uğurla həyata keçirilib. Yaxın günlərdə piknik ərazisi tam təchizatlı olmaqla hazır olacaqdır.
Növbəti baxış piknik ərazisinin yaxınlığında yerləşən qədim tarixi eksponatların sərgilənməsi üçün 1 ədəd muzey sərgi məkanının tikinti ərazisində həyata keçirilib. Tikintisi yenicə başlanmış infrasturukturun bünövrəsinin qurulması mərhələsi icra olunmaqdadır. Bu, layihə çərçivəsində yaradılacaq sonuncu infastruktur olmaqla layihə yekunlaşacaq.
Bütün bu işlərlə yanaşı layihə icra planına uyğun olaraq istiqamətləndirici və təhlükəsizlik nişanlarının hazırlanması sifarişləri də həyata keçirilib.
Bütün nəzərdə tutulan tikililər yekunlaşandan sonra 20 nəfər seçilmiş media nümayəndəsi üçün 2 günlük “Sım – turizm və məhsul karnavalı” təşkil olunacaq, nəticədə geniş formada ictimaiyyətə təqdim olunacaqdır.
Qeyd edək ki, “Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili layihəsi 01.07.2025-01.12.2025 tarixlərində Astara rayonunun Sım kəndində icra olunur.
