Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsinin qalibi Dünya Veysəlovanın rəhbəri olduğu “Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsi çərçivəsində tədbirlər uğurla davam edir. Layihə icra planına uyğun olaraq 09.01.2025 tarixində Lənkəran rayonu Vilvan kənd Ə.Hüseynov adına tam orta məktəbində Yaşıl dünya mövzusunda təlim və divar-rəsm çəkilişi sessiyaları uğurla həyata keçirilib. Bu, layihə çərçivəsində tədbirlərin təşkil olunduğu sayca 8-ci məktəbdir.
Tədbiri giriş sözü ilə açan Lənkəran rayonu Vilvan kənd Ə.Hüseynov adına tam orta məktəbin direktoru Oqtay Tahirov layihə komandasının üzvlərini və iştirakçı şagirdləri salamlayaraq belə tədbirlərin təşkilinə görə təşəkkürünü ifadə edib. Yaşıl dünya mövzusunun aktuallığına diqqət yönəldərək məktəbliləri sessiya boyunca fəal olmağa çağırıb. “Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsinin rəhbəri, Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin müəllimi Dünya Veysəlova çıxış edərək layihənin məzmunu haqda fikirlərini ifadə edib və yaradılan şəraitə görə Elm və Təhsil Nazirliyinə öz adından və məktəblilər adından təşəkkürünü ifadə edib və layihənin işinə uğurlar diləyib. Sonra təlimə start verilib. Elm Tədris Akademiyasının rəhbəri, LDU-nun doktorantı, beynəlxalq sertifikatlı təlimçi, təhsil layihələri üzrə mütəxəssis Samir Salayevin təqdimatında “Yaşıl dünya” mövzusunda təlim interaktiv şəkildə təşkil olunub. Ekoloji sistemdə baş verən dəyişiliklərin idarə olunması, ətraf mühiti qorumaq, alternativ enerji resurlarından istifadədə ölkəmizin potensialı və mötəbər COP29 tədbirinin bütün dünya üçün əhəmiyyəti istiqamətlərində məlumatlar təqdim olunub. İnteraktiv formatda idarə olunan təlim zamanı şagirdlərin sualları ətraflı cavablandırılıb. Sonda layihə çərçivəsində hazırlanan xüsusi maarifləndirici bukletlər məktəblilərə təqdim olunub.
Təlim sessiyasından sonra iştirakçı məktəblilər məktəbin layihə üçün müəyyən olunan divarlarında Yaşıl dünya ilə bağlı düşüncələrini əks etdirən rəsmlər çəkiblər. Böyük həvəslə rəsm çəkilişlərində iştirak edən məktəblilər fəallıqlarına görə layihənin xüsusi sertifikatları ilə təltif olunub. Sessiyalar arası dövrdə isə məktəblilərin Yaşıl dünya ilə bağlı hazırladıqları əl işlərinə də birlikdə baxış keçirilib.
Qeyd edək ki, “Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsi 15.10.2024-15.02.2025-ci il tarixlərində Lənkəran rayonunda icra olunur. Layihə çərçivəsində 15 ümumtəhsil müəssisəsindən seçilən 300 nəfər məktəblinin ekoloji savadlılığının artırılması nəzərdə tutulub.
“Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsinin mətbuat xidməti