Lənkəranda “Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsinin açılışı tədbiri baş tutub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsinin qalibi Dünya Veysəlovanın rəhbəri olduğu “Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsinin 26.11.2024 tarixində açılış tədbiri yüksək səviyyədə təşkil olunub. Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin akt zalında təşkil olunan tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Lənkəran rayonu üzrə sektorunun aparıcı məsləhətçisi Cəmil Axundzadə, layihənin təlimçisi Samir Salayev, ümumtəhsil müəssisələrinin rəhbərləri, məktəbin müəllimləri, şagirdləri, mətbuat nümayəndələri və digər qonaqlar iştirak edib .

Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin direktoru Gülşən Axundzadə layihənin açılışı tədbirini giriş sözü ilə açıq elan edərək gələn qonaqları salamlayıb. Məktəbin son illərdə qazandığı uğurlardan danışaraq layihənin işinə uğurlar arzulayıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov öz çıxışı zamanı Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin son illərdə qazandığı təhsil uğurlarına toxunaraq Təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olmasını məktəbin innovativ ideyalarla fəaliyyət göstərməsinin bir təzahürü hesab edib. “Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsinin şagirdlərin yaşıl dünya istiqamətində maarifləndirilməsinin uğurlu davamı hesab edərək layihənin işinə uğurlar diləyib. Layihə rəhbərini və məktəbin pedaqoji kollektivini də bu uğur münasibətilə təbrik edib.
Lənkəran rayonu üzrə sektorunun aparıcı məsləhətçisi Cəmil Axundzadə öz çıxışında zəhmətkeş məktəb kollektivini bu uğur münasibətilə təbrik edib. Layihə mövzusunun aktuallığına diqqət çəkərək COP29 beynəlxalq və tarixi tədbiri ölkəmizdə təşkili ərəfəsinə düşməsinin mövzunun təkcə Lənkəran məktəbliləri üçün deyil, bütün dünya məktəbliləri üçün vacib elementlərə malik olması haqda qeydlərini təqdim edib.

“Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsinin rəhbəri örnək müəllim və bir çox müsabiqələrin qalibi, ixtisas fənni üzrə 2 dərs vəsaiti müəllifi Dünya Veysəlova öz çıxışında müəllimlər üçün innovativ ideyaların həyata keçirilməsi üçün yaratdığı şəraitə görə Elm və Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib. Layihə idayeasının formalaşmasının tarixi haqda və layihənin aktuallığı barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Açılış tədbirinin davamında layihənin təlimçisi, Elm Tədris Akademiyasının rəhbəri, beynəlxalq sertifikatlı təlimçi Samir Salayev çıxış edərək layihənin tədbirlər planı haqda məlumat verib. Qeyd edib ki, layihə çərçivəsində Lənkəran rayonu üzrə müəyyən olunmuş 15 ümumtəhsil müəssisəsinin hər birində 20 nəfər şagird üçün ilk öncə “Yaşıl dünya” mövzusunda maarifləndirici görüş təşkil olunacaq. Təlimdən sonra həmin məktəblərin müəyyən olunmuş yerlərində divarlara şagirdlər tərəfindən rəsmlər çəkiləcək. Bu proseslərdə iştirakçı məktəblilər xüsusi sertifikatlarla təltif olunacaqdır. Çıxışın sonunda layihənin işinə uğurlar diləyib.
Tədbirin davamında çıxış edən Lənkəran şəhər 8 nömrəli tam orta məktəbin direktoru İlqar Paşayev, Lənkəran şəhər 3 nömrəli tam orta məktəbin direktoru İlkin Yaqubov, Lənkəran rayon Veravul kənd 2 nömrəli məktəbin direktoru Araz Babayev, Lənkəran rayon Tütəpeştə kənd ümumi orta məktəbinin direktoru Rövşən Əliyev, məktəbin məktəbdənkənar və sinifdən xaric tərbiyə işi üzrə təşkilatçısı Nailə Əsgərova öz çıxışlarında layihə rəhbərinin qazandığı uğurları yüksək qeyd edərək “Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsinin məktəblilərin həyatında mühüm rol oynayacaqlarına əminliklərini ifadə ediblər. Öz təcrübələrindən çıxış edərək layihə idarəetmə prosesinin çox məsuliyyətli olmasını qeyd edərək bu məsuliyyətli işlərin yüksək səviyyədə idarə olunmasında layihə rəhbərinə uğurlar diləyiblər.
Açılış tədbirinin gedişatı boyunca məktəbin şagirdlərinin ifasında gözəl rəqslər və şeirlər təqdim olunub ki, bu da tədbirin rəngarəngliyinə daha da milli çalarlar qatıb. Tədbirin sonunda rəsmi qonaqlarla xatirə fotosu çəkilib.

Qeyd edək ki, “Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsi 15.10.2024-15.02.2025-ci il tarixlərində Lənkəran rayonunda icra olunur.

“Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi
layihəsinin mətbuat xidməti

Paylaş:
Yuxarı