TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə “TƏBİB-in İxtisas gündəliyi” proqramı çərçivəsində 8 avqust Beynəlxalq Oftalmologiya Günü ilə bağlı “Gözləriniz bizə əmanət” layihəsi baş tutacaq.
Regioninfo-nun məlumatına görə, 7-8 avqust tarixlərində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlara Bakı şəhərində yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman VƏ ixtisaslı həkimlər (oftalmoloq, nevroloq, endokrinoloq) tərəfindən tibbi xidmətlər göstəriləcək.
9 avqust tarixində isə Heydər Əliyev Mərkəzində Cəlilabad-Salyan tibbi ərazi bölməsinə aid olan – Cəlilabad, Biləsuvar, Salyan, Neftçala rayonlarında və Lənkəran tibbi ərazi bölməsinə aid olan – Lənkəran, Lerik, Masallı, Astara, Yardımlı rayonlarında yerləşən tibb müəssisələrinin həkim heyəti üçün seminarların təşkil olunması, həmçinin vətəndaşların maarifləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
“Gözləriniz bizə əmanət” layihəsi çərçivəsində Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Lənkəran, Lerik, Masallı, Astara, Yardımlı rayonlarının vətəndaşları Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında baş tutacaq tibbi müayinələrdən yararlanmaq üçün adıçəkilən tibb müəssisələrinin Qeydiyyat bölməsinə müraciət edə bilərlər.