MÜƏLLİMLƏRİN SERTİFİKATLAŞDIRILMASI ÜÇÜN ƏN UYĞUN MODEL HANSI OLA BİLƏR? – Yeni model təklifi – Samir Salayev

Son günlərdə ən aktual məsələlərdən biri də ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sertifikasiyası imtahanlarının təşkili ilə bağlıdır.

Bilirik ki, Azərbaycan müəllimləri üçün sertifikatlaşdırma prosesi 2022-ci ildə ilk dəfə həyata keçirilib, addım-addım bütün fənn müəllimlərini əhatə etməklə təşkil olunmaqdadır. 2027-ci ilə qədər ilk mərhələnin bütün fənn müəllimləri üçün yekunlaşdırılması nəzərdə tutulub. Deməli prosesin 4/5 hissəsi arxada qalıb. 2025-ci ilin fevral ayına qədərki dövrdə ümumi olaraq təxminən 65000 müəllim müsabiqədə iştirak edib, 55510 nəfər müəllim sertifikat qazanıb (17 426 nəfər müəllim əmək haqqına 35% artım qazanıb, 38 084 nəfər müəllim isə əmək haqqına 10% artım qazanıb). Bu ana qədər hadisələrin təhlilinə baxdıqda sertifikatlaşdırma imtahanlarının bu formada təşkil olunmasını uğurlu saymaq olarmı?

Sertifikatlaşdırma tədbirləri müəllimlərin peşəkarlıq səviyyəsinin ölçülməsi, onların müqayisə olunması baxımında yaxşı informasiya mənbəyi kimi alqışlansa da bu prosesin 120 dəqiqəlik test imtahanı ilə və sonrakı müsahibə tədbirləri ilə müəyyən olunması uğurlu variant deyildir. Çünki, test imtahanı müəllimin peşəkarlığının göstəricisi deyil. Ən azından məlumdur ki, məktəbin əsas vəzifəsi tərbiyəli insan yetişdirməkdir. Tərbiyə ilə bağlı əsas keyfiyyətlər isə ölçülə bilən deyildir. Məsələn, vətəninə sədaqətli vətəndaşların yetişdirilməsi vəzifəsini yerinə yetirən müəllimi hansı meyarlarla imtahanda yoxlamaq olar. Bunu bildiyimiz halda müəllimlərin ölçülə bilən meyarlarla ölçülməsinə çalışılması “müəllimin kiçik həcmli yoxlanması” sayıla bilər. Əgər deyilsə ki, müsahibə mərhələsində bu meyarları yoxlaya bilərik, bu da indiki vəziyyətdə uyğun deyildir. Çünki imtahan mərhələsində “kəsilən” müəllim müsahibəyə buraxılmır. Yenə də bilikyönümlü yanaşma tətbiq olunur deyə uyğun deyildir. Və s. Bu kimi məsələləri uzun-uzadı yazmaq, təhlil etmək mümkündür. Ümumi baxımdan prosesin bu cür təşkili mütləq şəkildə uğurlu sayıla bilməz. Lakin uğurlu məqamlar da vardır. Ən əsas uğurlu məqam odur ki, müəllimin peşəkarlığını yoxlamaq üçün, ölçmək üçün ilk addım atıldı, uzun illər qanunda nəzərdə tutulmuş sertifikasiya proseslərinə başlanıldı. Nəhayət MİQ imtahanlarından öncə təyinatla və ya imtahansız məktəblərə qəbul olunmuş müəllimləri yoxlamaq imkanı yarandı. Amma tətbiq olunan model ilk addım olsa da, bir qrup ziyalıları bu modelin boşluqları sayəsində itirə bilirik. Çünki bu model ilə əsl müəllimliyi yoxlamaq mümkün deyildir.

Müəllimlərin sertifikatlaşdırılması üçün hansı model bizə uyğun ola bilər?

Bütün dünyada inkişaf etmiş bir təhsil modeli hər hansı bir ölkədə tam olaraq eyni ilə tətbiq oluna bilmir. Hər bir dövlətin özünəməxsus xüsusiyyətləri, təhsil mühiti, təhsil şəraiti və gələcək prioritetləri vardır. Bu baxımdan hər bir dövlət özünə uyğun və vətəndaşlarının mənafeyinə, rifah halının yüksəlməsinə, yaxşı həyat şəraitinə sahib olmağa daha çox xidmət edəcək, bütün vətəndaşlarının inkişafına müsbət təsir edəcək modeli olmalıdır. Elə bir model ki, həqiqətən də müəllimin “əsl insan yetişdirir” funksiyasını tam olaraq ölçə bilsin. Bugün ictimai yerlərdə tarixən əxlaqımızı ən gözəl hiss etdirən məqamlardan biri kimi yaşlılara yol vermək, ata-anaya hörmətdə qüsur etməmək, vətənini dünyanın hər yerində sevə bilmək, sədaqətlilik göstərmək, ailə dəyərlərini qorumaq, məktəb avadanlıqlarını qorumaq və s. kimi dərin mənəvi dəyərlərimizi önəmsəməyən “savadlı” insanlara rast gəlinməsi, həm də getdikcə kütləviləşməsi faktları dəyərlərimizi bilməyən “biliklilərin” çoxalması deməkdir. Məsələ sadədir, nə qədər ki, müəllimlər sertifikasiya imtahanlarında yalnız bilik sınağa çəkiləcəksə, nə qədər ki, məktəblər “Buraxılış imtahanlarında şagirdlərinin yüksək ballarına görə” təriflənəcəksə, o qədər də insanlıq, mənəvi tərbiyə arxa plana keçəçəkdir. Öhdəsində “minimum standartları” reallaşdırmaq olan ümumtəhsil müəssisələrinin müəllimləri 25-30 nəfərlik, bəzən 35 nəfərlik şagird sayı olan siniflərdə “insan yetişdirmək”lə məşğul olmalıdırsa, onlardan “şagirdlərinin buraxılış imtahanı nəticələrinin yüksək balı”nı, yəni maksimum standartı tələb etmək uyğun deyildir. Bütün bunları nəzərə alaraq uzun illər Kurikulum metodikası üzrə təlimçi-ekspert olaraq ölkəmizdə təşkil olunacaq II sertifikatlaşdırma imtahanları üçün aşağıdakı daha uyğun modeli təklif edirəm. Bu model əsasında aşağıdakı fəaliyyətlər ardıcıllıqla yerinə yetirilə bilər:

1. Sertifikatlaşdırma imtahanlarına cəlb olunan müəllimlərə 5 illik iş planı hazırlamaq; (Bunun üçün məktəbin potensialına uyğun olan aydın məqsədlər, hədəflər müəyyən olunmalıdır. Məktəblərin real göstəriciləri həm 4-cü sinif şagirdlərinin, həm 6-cı sinif şagirdlərinin, həm də 9 və 11-ci sinif şagirdlərinin imtahanlarından artıq bəllidir. Bu məlumatlardan istifadə etmək olar)
2. Siniflərdə şagird sayının maksimum 20 nəfərdən çox olmamasına nail olmaq; ( Beynəlxalq təcrübədə də 15-20 nəfərlik say ideal sayılır. 45 dəqiqəlik dərs zamanı 20 nəfərdən kontingenti əhatə etmək daha çox çətin olur, xüsusilə diqqət yayqınlığının geniş vüsət aldığı son illərdə şagird sayı dərsin keyfiyyətinə bilavasitə təsir göstərməkdədir.)

3. Dövlət tərəfindən 1 və 2-ci sinif şagirdləri istisna olunmaqla bütün digər siniflər üzrə məktəblilərin bacarıqlarını və davranışını müəyyən edəcək imtahanların mərkəzləşdirilmiş qaydaya təşkil etmək; (Mərkəzləşdirilmiş BSQ imtahanları təcrübəsi vardır. Şəffaflığı artırmaqla, tək məzmun standartlarına uyğun deyil, əxlaq, davranış istiqamətində də suallar tərtib etməklə nail olmaq olacaq. Bunun nəticəsində hər il məktəblilərin real vəziyyəti nəzarətdə olacaq, statistik təhlil aparmaq üçün real rəqəmlər əldə olunacaq, hər bir fənn üzrə şagirdlərin inkişaf dinamikası izlənilmiş olacaq. Qeyd edək ki, ucqar kənd məktəblərində şagird sayının az olması “ədədi ortanın yüksəlməsinə” səbəb olacağını nəzərə alaraq şagird sayının çox olması halında müəyyən indekslərdən – əmsallardan istifadə etməklə bərabərliyi təmin etmək olar. Məsələn, 5 şagirdə dərs keçən müəllimlə, 30 şagirdə dərs keçən müəllimin ümumi orta göstəricisini eyni saymaq olmaz. 30 şagirdə dərs keçən müəllimin nəticəsi 30 nəfərin fənn üzrə ümumi orta göstəricisini məsələn 1,2 əmsala vurmaqla, 60 şagirdə dərs keçən müəllimin nəticəsi üçün fənn üzrə ümumi orta göstəricini 1,3 əmsala vurmaqla və s. formada təşkil oluna bilər.)

4. Müəllimlərin müsahibə mərhələsini təşkil etmək; (Müəllimlərin öz biliyini 120 dəqiqəlik imtahanla deyil, 5 il ərzində şagirdlərinin inkişaf dinamikası ilə ölçmək əsas hədəfimizdir. Şagirdlərinin nəticələrinə əsasən ballar qazanan müəllimlər üçün müsahibə xarakterli görüşlər təşkil edərək şagirdlərinin inkişafı üçün hansı təlim strategiyalarını seçdikləri haqqında diskusiya formatında görüşlər təşkil olunmalıdır. Bu mərhələnin formatını da səlahiyyətli quruma, əgər onlar üçün maraqlı olarsa layihə əsasında təqdim edə bilərəm.)
Qeyd etdiyim bu 4 ardıcıl fəaliyyətlər əsasında müəyyən olunan qiymətləndirmə meyarlarına uyğun olaraq şagirdlərinin nəticəsinə görə və müsahibədə iştirakına görə ümumi balın 50%- i qədər nəticə qazanan müəllimlər sertifikasiyanı keçmiş sayılsın. Differensial əmək haqqı isə bu formada bölünməlidir:
– 50-60% nəticə qazananlara əmək haqqına 10% artım;
– 61-70% nəticə qazananlara əmək haqqına 15% artım;
– 71-80% nəticə qazananlara əmək haqqına 20% artım;
– 81 – 90% nəticə qazananlara əmək haqqına 25% artım;
– 91-100% nəticə qazananlara əmək haqqına 35% artım;

Nəticədə indikindən daha az stressli formatda sertifikatlaşdırma prosesində iştirak edən bütün müəllimlər həm şagirdlərinin bacarıq səviyyəsinə, həm davranış keyfiyyətinə, həm də özlərinin peşəkar və pedaqoji strateji bacarıqlarına görə qiymətləndiriləcəklər. Bütün bunların əsasında müəllimlərin əsl peşəkarlıqlarını ortaya qoyaraq layiqli əmək haqqı artımlarını da qazanmaqla gələcəkdə də uğurlu fəaliyyət göstərmələri daha demokratik şəkildə stimullaşdırılacaq.

Samir Salayev
Kurikulum təlimçisi, Kurikulum vəsaiti müəllifi,
Təhsil layihələrində təlimçi-ekspert,
Elm Tədris Akademiyasının direktoru

Paylaş:
Yuxarı