Lənkəranda Azərbaycan Retinoloqlarının 9-cu Konfransı keçirilib

Lənkəran şəhərində Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Azərbaycan Retinoloqlarının 9-cu Konfransı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əsas məqsədi torlu qişa (retina) xəstəlikləri sahəsində aparılan elmi-tibbi araşdırmaların paylaşılması, bu sahədə əldə olunan nailiyyətlərin müzakirəsi, həmçinin regionlarda çalışan retinoloq və oftalmoloqların ən son diaqnostik və müalicəvi yeniliklərə çıxışının təmin edilməsidir.

Konfransın açılışında Təşkilat Komitəsinin sədri, tibb elmləri doktoru Müşfiq Kərimov çıxış edib.

Konfrans çərçivəsində optik neyropatiyalarda optik koherens tomoqrafiya (OKT) müayinəsinin xüsusiyyətləri, vərəm uveiti və onun diaqnostik yanaşmaları, eksimer lazer cərrahiyyəsindən sonra torlu qişanın qopması halları və profilaktik tədbirlər, 1-ci və 2-ci tip makulyar teleangiektaziyaların klinik xüsusiyyətləri və müalicə strategiyaları, torlu qişanın irsi xəstəliklərinin diaqnostikasında flüoressein angioqrafiyasının əhəmiyyəti və tətbiqi və digər aktual mövzular üzrə mütəxəssislər tərəfindən təqdimatlar keçirilib və geniş elmi müzakirələr aparılıb.

Məruzələrlə tibb üzrə fəlsəfə doktorları Xalid Əliyev, Səbinə Məcidova, Bənövşə Hacıyeva, Qurban İsmayılov, Aişə Şahmalıyeva, Lalə Axundova, tibb elmləri doktorları Tural Qəlbinur, Müşfiq Kərimov, doktorlar Günay Rüstəmbəyova, Şahin Novruzlu, Ruslan Məmmədov, Mədinə Fərziyeva, Tərlan Əliyeva və digərləri çıxış ediblər.

Konfransın sonunda maraqlı məruzələri ilə seçilən iştirakçılar arasında müsabiqə keçirilib.

Müsabiqəyə tibb üzrə fəlsəfə doktoru Xalid Əliyev və doktor Emin Əlihüseynli moderatorluq ediblər.

11:01

Lənkəran şəhərində Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Retinoloqlarının 9-cu Konfransı keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, elm və təcrübənin inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyan bu tədbir oftalmologiya sahəsində çalışan mütəxəssisləri bir araya gətirib.

Konfransda respublikanın müxtəlif bölgələrindən olan göz həkimləri, retinoloqlar, tədqiqatçılar və tibb sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak edirlər.

Paylaş:
Yuxarı