Milli Qəhrəman Mübariz İbrahimovun atası vəfat edib

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib.

Regioninfo xəbər verir ki, mərhum Biləsuvar rayonu Əliabad kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində ailə üzvləri, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, o, bu gün infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin həkimlərin bütün səylərinə baxmayaraq, A.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb. 68 yaşlı A.İbrahimov 5 il bundan öncə açıq ürək əməliyyatı keçirmişdi.

Xatırladaq ki, Ağakərim Mirelyas oğlu İbrahimov 27 yanvar 1956-cı ildə Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açıb. 1962-1872-ci illərdə Xırmandalı kənd tam orta məktəbində orta təhsil aldıqdan sonra, 1972-1974-cü illərdə Salyan Kənd Təsərrüfatı Texnikomunu aqronomluq ixtisası üzrə bitirib. 1976-cı ildə hərbi xidmətini başa vurduqdan sonra iki il Gəncə Kənd Təsərrüfatı İnstitunda aqronomluq üzrə təkmilləşdirmə kursu keçib.

Əmək fəaliyyətinə 1977-ci ildə rayon Bitkiçilik Mühafizə idarəsində böyük aqronom olaraq başlayıb. Sonradan Biləsuvar rayon Peşə məktəbində müəllim, Xırmandalı kəndindəki Telman adına kolxozda briqadir, Əliabad kəndindəki Hüseyn Cavid adına kolxozda baş aqronom olaraq fəaliyyət göstərib. 1994-cü ildən özünün yaratdığı ailə-kəndli fermer təsərrüfatına başçılıq edirdi. O, həyat yoldaşı Şamama xanımla birgə 3 oğul övladı böyüdüb.

Onun kiçik övladı Mübariz İbrahimov ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərdiyi müstəsna xidmətlərə görə Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Səmimi və təvazökar insan Ağakərim İbrahimovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

Paylaş: