Biləsuvarda “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı sahiblərinə təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan olunub.

Regioninfo xəbər verir ki, müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində olduğu kimi rayonumuzda da silsilə tədbirlərlə qeyd olundu.

Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib və cənab Prezidentin müvafiq Sərəncamı ilə bir sıra şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunublar.

Təltif olunanların siyahısında Biləsuvar İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Biləsuvar rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, uzun illər rayonun idarəetmə sistemində işləmiş Rəfiqə Cəfərova və Niftulla Əzizov da yer alıblar.

Təqdimat mərasimində çıxış edən Biləsuvar İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb və təltif olunan şəxsləri təbrik edib.
Sonra Faiq Qürbətov tərəfində təltif olunan şəxslərin medalları təqdim olunub.

Tədbirdə söz alan Akif Kazımov və Rəfiqə Cəfərova çıxışlarında böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ulu Öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyindən bəhs ediblər, Ulu Öndərin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə onlara göstərilən diqqətə və ali mükafata görə təşəkkürlərini ifadə ediblər.

Paylaş: