Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədbirlər Planına uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”mövzusunda elmi-praktik konfrans keçirilib.
Regioninfo-nun məlumatına görə, tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan Ziyalıları Şurasının üzvü Əfqan Vəliyev , Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli və AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, Elnur Mustafayev və ümumtəhsil məktəblərin müəllimləri iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, unudulmaz xatirəsini ehtiramla yad edib.
Daha sonra, tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində dahi liderin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olub, onlara Ulu Öndərin həyat yolu barədə maraqlı faktlar təqdim edilib.
Konfransın açılışında Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Azərbaycan elminin inkişafında ulu öndərin tarixi xidmətlərindən danışıb. “Azərbaycan elminin və təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda məruzə ilə çıxış edən S.Mənsimli dahi liderin müdrik siyasi irsinin bütün dünya üçün örnək olduğunu bildirib.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Azərbaycanın gələcək inkişafının elm və təhsillə bağlı olması strategiyasının təməlləri ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hələ Sovet dövründə Azərbaycanda elmin və təhsilin inkişafında böyük xidmətləri olmuş dahi rəhbər müstəqillik şəraitində mövcud imkanlardan istifadə etməklə, qazanılmış nailiyyətləri daha da möhkəmləndirmək və inkişaf etdirmək mövqeyindən çıxış edib.
Məruzə ilə çıxış edən qonaqlar ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan elminin inkişafı və dünya elminə inteqrasiyası üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirdiyini bildiriblər. Qeyd edilib ki, Gənc nəslin, o cümlədən elmi gəncliyin inkişafına hərtərəfli dəstək nümayiş etdirən ulu öndərin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.
Konfransın sonunda gələn qonaqlar Şirvan -Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli tərəfindən təşəkkürnamə ilə təltif edildilər.