““ELSA speak” ilə ingilis dilini ana dili kimi anlamağa və danışmağa başla!” layihəsinin açılış mərasimi olub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan ““ELSA speak” ilə ingilis dilini ana dili kimi anlamağa və danışmağa başla!” layihəsinin açılış mərasimi keçirilib.

Mərasim Salyan rayonu A.Əliyev adına Aşağı Kürkənd kənd tam orta məktəbində baş tutub. Tədbirdə layihə rəhbəri, layihənin komanda üzvləri, müəllimlər iştirak edib.

Çıxış edən layihə rəhbəri layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd “ELSA speak” mobil proqramını istifadə edərək ingilis dili üzrə 6 aylıq kurs təşkil etməklə şagirdlərin ingilis dilini ana dili kimi anlaması və danışması üçün imkanların yaradılmasına dəstək olmaqdan ibarətdir. Həmçinin bildirilib ki, diaqnostik yoxlama ilə məktəb üzrə 30 şagirdin seçiləcək, seçilmiş şagirdlər səviyyələr üzrə 2 qrupa ayrılacaq, layihənin təşkili üçün avadanlıqların (planşet, səs gücləndirici və qulaqcıqlar) alınacaqdır.
Eyni zamanda vurğulanıb ki, “ELSA speak” mobil proqramına giriş üçün 30 nəfər şagirdə 6 aylıq abunəlik əldə ediləcək, İngilis dili kursu təşkil olunacaq və kursun yekunu ilə bağlı yekun qiymətləndirmə və müsabiqə təşkil ediləcəkdir.
Tədbirdə çıxış edən digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar arzulayıblar.
Paylaş: