Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şirvan şəhəri üzrə ümumi təhsil müəssisələrinin rəhbər və müəllim heyəti ilə görüş keçirilib.
Regioninfo xəbər verir ki, görüşdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir vəzifəsini icra edən Vüqar Dadaşov, Şirvan şəhəri üzrə təhsil sektorunun müdiri, Tədrisin keyfiyyəti sektorunun əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və müəllimlər iştirak ediblər. Görüş zamanı Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun 2025-ci il üzrə fəaliyyət planı, təhsilin keyfiyyətinin artırılması və məktəb idarəçiliyində innovativ yanaşmalar, məktəbdaxili qiymətləndirmənin düzgün təşkili, PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi, BilBacar müsabiqəsi və həyata keçiriləcək monitorinqlərə hazırlıq məsələləri müzakirə edilib.
Daha sonra Vüqar Dadaşov məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirərək tədris keyfiyyətinin monitorinqi, müəllimlər, valideynlər və şagirdlər arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və heyətin davamlı peşəkar inkişafı mövzularında fikir mübadiləsi aparıb.
Görüşün yekununda vurğulanıb ki, məqsəd təhsil müəssisələrində daha effektiv idarəetmə sistemini tətbiq etməklə təhsilin keyfiyyətini ən yüksək səviyyəyə çatdırmaqdır.