Lənkəranda “Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində təlimlər uğurla davam edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi – Tükəvilə kənd tam orta məktəbinin müəllimi Lalə Əzizovanın rəhbəri olduğu “Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində 17.12.2023 tarixində 3-cü təlim həyata keçirilib.
Layihənin icrası üçün mərkəz seçilən Lənkəran rayonu A.Əsədullayev adına Şağlaser kənd ümumi orta məktəbində həyata keçirilən təlimin əvvəlində “Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsinin rəhbəri Lalə Əzizova çıxış edərək məktəbliləri salamlayıb. Şagirdləri təlimlərə fəal qoşulduqlarına görə alqışlayıb. Sonra çıxışında layihənin ərsəyə gəlməsində verdiyi dəstəyə görə Elm və Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib. Sonra sözü təlimçiyə verib.
“Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsinin təlimçisi – Lənkəran Dövlət Universitetinin müəllimi, peşəkar təlimçi Samir Salayevin təqdimatında “Startap ideyalarının yaradılması üçün Zəngilan inzibati rayonunun iqtisadi potensialının təqdimatı” mövzusunda təlim həyata keçirilib. Təlim zamanı Azərbaycanın qədim yaşayış məntəqələrindən Zəngilan haqqında geniş məlumat təqdim olunub. Qeyd olunub ki, Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi fəaliyyət göstərib. Həmçinin qeyd olunub ki, bütün Avropada ən böyük çinar meşəsi də şərq çinarının timsalında bu rayonda olub. Təəssüf ki, ermənilərin baltasına tab gətirə bilməyən həmin çinarları məhv olunub. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də ermənilər tərəfindən talan edilib. Erməni vandalizminə məruz qalan təbii ekosistemlərimizlə yanaşı mədəni-tarixi abidələr və istehsal obyektləri ilə bağlı da məktəblilərə video material da təqdim olunub. Qeyd olunub ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilan şəhərinin işğaldan azad olunması ölkəmizin iqtisadi inkişafını daha da sürətləndirəcəkdir. Zəngilanın təbiətinin və iqtisadiyyatının bərpası və əvvəlkindən daha da möhkəmləndirilməsi yolunda görülən işlərdən də nümunələr təqdim olunub. Sonda təlim iştirakçıları öyrəndiklərini tətbiq edərək “Zəngilanı necə inkişaf etdirə bilərik?” mövzusunda qrup işlərini icra edərək təqdim ediblər. İnteraktiv şəkildə həyata keçirilən təlim məktəblilərin marağı ilə müşayiət olunub.
Qeyd edək ki, layihənin təlimləri çərçivəsində Qarabağ ərazisini gələcəkdə inkişafına dəstək olacaq Startap layihələrinin ideyalarının qurmaq hədəf seçilərək Qarabağın regionunun inzibati rayonlarının iqtisadi potensialı məktəblilərə təqdim olunur. “Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsi 01.10.2023-01.03.2024-cü il tarixlərində Lənkəran rayonunda icra olunur. Layihə çərçivəsində təlimlər 30 nəfər məktəblini əhatə edir.

“Məktəblilərdə STARTAP təşəbbüskarlığının
yaradılması və inkişaf etdirilməsi” layihəsinin mətbuat xidməti

 

Paylaş: