Lənkəranda “Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsinin açılışı tədbiri həyata keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi – Tükəvilə kənd tam orta məktəbinin müəllimi Lalə Əzizovanın rəhbəri olduğu “Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsinin açılışı tədbiri baş tutub.

03.12.2023 tarixində Lənkəran rayonu Şağlaser kənd ümumi orta məktəbində baş tutan tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə sektorunun aparıcı məsləhətçiləri Cəmil Axundzadə və Nüsrət Əlizadə, sektorun metodisti Kamran Məmmədov, layihə komandasının üzvləri, məktəb rəhbərləri, müəllimlər və layihəyə seçilmiş şagirdlər iştirak edib.

Yüksək səviyyədə təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Tükəvilə kənd tam orta məktəbinin direktoru Günay İsmayılova tədbiri açıq elan etdikdən sonra dəvəti qəbul edib tədbirə gələnləri salamlayaraq bu layihə üzrə qrant müsabiqəsində qalib olan Lalə müəlliməni təbrik edib. Tükəvilə kənd tam orta məktəbinin müəllimləri tərəfindən artıq 2-ci dəfədir ki, qazanılan bu müsabiqənin məktəbin tarixində əhəmiyyətli hadisələrdən biri olduğunu qeyd edib. Belə təşəbbüslərin və layihələrin dəstəklənməsinə görə Elm və Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib. Qarabağ zəfərindən sonra Qarabağımın inkişafı prosesində “Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsinin iştirakçılarının da gələcəkdə böyük töhvə verəcəyinə əminliyini ifadə edib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə sektorunun aparıcı məsləhətçisi Cəmil Axundzadə çıxış edərək startap ideyalarının bugün dünyanın diqqətində olan istiqamətlərdən biri olduğunu hesab etdiyini vurğulayıb. O, qeyd edib ki, belə bir mövzuda layihənin həyata keçirilməsi müasir dövrün çağırışları ilə ayaqlaşdığımızı da ifadə edir.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə sektorunun metodisti Kamran Məmmədov çıxış edərək Lənkəranda cari ildə icra olunan 8 layihənin hər birinin məktəblilərin həyatında mühüm rol oynadığını qeyd edib. “Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsinin də bu istiqamətdə vacib rol oynayacağını vurğulayıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi – Tükəvilə kənd tam orta məktəbinin müəllimi Lalə Əzizova öz çıxışında startap ideyalarının Azərbaycanın gələcək həyatındakı önəmli roluna diqqət çəkib.

“Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsinin təlimçisi – Lənkəran Dövlət Universitetinin müəllimi, peşəkar təlimçi Samir Salayev çıxış edərək qeyd edib ki, layihənin icrası planına uyğun olaraq əvvəlcə Qarabağ ərazilərinin iqtisadi-coğrafi potensialı şagirdlər üçün təhlil olunacaqdır. Qarabağda səmərəli biznes ideyaları düşünmək üçün təbii resurslar haqqında məlumatlar öyrəniləcək. Bundan sonra isə şagirdlərdə real startap ideyalarını təqdimetmə bacarıqlarının yaradılması üzrə təlimlər həyata keçiriləcəkdir.
“Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsinin təlimçisi – RODOOS Training Consulting şirkətinin təsisçisi, biznesin idarə edilməsi və startap layihələri üzrə böyük təcrübəyə malik, beynəlxalq təlimçilik sertifikatına sahib Rafət Şirəliyev isə öz çıxışında Startap ideyalarının mahiyyəti haqda məlumat verib. Bu istiqamətdə uğurlu yerli və beynəlxalq layihələrdən nümunələr qeyd edib.

Sonra tədbirdə iştirak edən qonaqlar çıxış edərək layihənin icrasına uğurlar diləyiblər.

“Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsi 01.10.2023-01.03.2024-cü il tarixlərində Lənkəran rayonunda icra olunur.

“Məktəblilərdə STARTAP təşəbbüskarlığının
yaradılması və inkişaf etdirilməsi” layihəsinin mətbuat xidməti

Paylaş: