Qazaxıstan və Özbəkistan Azərbaycanın iştirakı ilə yaradılacaq enerji dəhlizlərinə qoşulmaq istəyir

“Yaşıl enerji” sahəsi üzrə reallaşdırılan layihələr elektrik enerjisinin istehsalı və ixracı potensialının genişləndirilməsinə imkan yaradır, elektrik enerjisinin Azərbaycandan keçməklə Mərkəzi Asiya ölkələrindən Avropaya nəqli üçün geniş perspektivlər açır.

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan Respublikası, Özbəkistan Respublikası və Qazaxıstan Respublikasının iqtisadiyyat və energetika nazirlərinin iştirakı ilə Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisindən Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirəsi ilə bağlı üçtərəfli görüşdə bildirilib.

Qeyd olunub ki, Azərbaycan neft, neft məhsulları və təbii qazın ixracı ilə yanaşı, uğurlu elektrik enerjisi təchizatçısıdır.

“Üç ölkənin bərpa olunan enerjinin inkişafı və ixracı ilə bağlı yürütdüyü siyasət Azərbaycana Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisinin təchizi üzrə körpü rolunu oynamağa imkan verir. Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birgə 4 Qvt elektrik enerjisinin ixracına imkan verəcək Xəzər dənizi-Qara dəniz-Avropa enerji dəhlizinin yaradılması üzərində işləyir. Daha 1 Qvt “yaşıl” enerjinin Naxçıvan-Türkiyə-Avropa marşrutu ilə nəqli nəzərdə tutulub”, – məlumatda deyilir.

Görüşdə bildirilib ki, Qazaxıstan və Özbəkistanın bu dəhlizlərə çıxış əldə etməsi bu ölkələrin elektrik enerjisi bazarlarının inkişafını, yaşıl hidrogen, ammonyakın istehsalı və təchizatı üzrə əməkdaşlığı möhkəmləndirəcək, Orta Dəhliz çərçivəsində enerji təhlükəsizliyi və “yaşıl layihələr” üzrə tərəfdaşlığı gücləndirəcək.

Tərəflər bərpa olunan enerji mənbələrinin geniş istifadəsinin tətbiqi və generasiya güclərinin genişləndirilməsinə əsaslanan dayanıqlı inkişafın alternativsizliyini qeyd edərək, iqtisadi inkişaflarına xələl gətirmədən karbonsuzlaşma ilə bağlı birtərəfli və birgə səylərini davam etdirəcəklərini vurğulayıblar.

Müzakirələr zamanı müxtəlif sferalarda, o cümlədən energetika sahəsində birgə fəaliyyət və tərəfdaşlıq üzrə uğurlu təcrübə qeyd olunub. Tərəflər Azərbaycanın region ölkələrinin enerji sisteminin gələcək inkişafı üzrə səylərin koordinasiyası və sinxronlaşdırılması ilə bağlı təşəbbüsünü, eləcə də təmiz elektrik enerjisinin üçüncü ölkələrin bazarlarına təchizatı istiqamətində qarşılıqlı səyləri təqdir ediblər.

Nazirlər ölkələrin bərpa olunan enerji üzrə potensialını qeyd edərək, alternativ mənbələrdən əldə edilmiş elektrik enerjisinin Avropaya ixracı ilə bağlı layihəyə qoşulmağa hazır olduqlarını bildiriblər. Bu kontekstdə Azərbaycanın enerji sisteminin inteqrasiyasından sonra Qara dənizin dibi ilə yüksək gərginlikli elektrik enerjisi xəttinin çəkilməsi imkanlarının araşdırılmasına maraq ifadə olunub.

Nazirlər “yaşıl” enerjinin ötürülməsi üzrə layihənin inkişafının iştirakçı ölkələrin energetika sistemləri və iqtisadiyyatları arasında əlaqələri möhkəmləndirəcəyini, həmçinin milli energetika sənayelərinə yeni impuls verəcəyini vurğulayıblar.

Görüşün nəticəsi olaraq birgə kommünike imzalanıb. İqtisadiyyat və energetika nazirləri səviyyəsində növbəti görüşün Özbəkistanın Daşkənd şəhərində keçirilməsi gözlənilir.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət başçılarının 5-ci Məşvərət Görüşündə fəxri qonaq qismində iştirakının Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında qardaşlıq münasibətlərinin əhəmiyyətli göstəricisi olduğu qeyd edilib.

Bildirilib ki, Qazaxıstan və Özbəkistan şirkətləri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə iştirak edirlər. Özbək xalqı adından Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəb inşa edilib. Bu şəhərdə Qazaxıstan tərəfindən Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzi layihəsi həyata keçirilir.

Paylaş:
Yuxarı