Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən Bəydili kənd tam orta məktəbində olub, həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Biləsuvar rayonunda yeni inşa edilən Bəydili kənd tam orta məktəbində olub.

“Report” xəbər verir ki, Leyla Əliyeva əvvəlcə məktəbin müəllimlərini salamlayıb, onlarla xatirə şəkli çəkdirib.

Sonra Biləsuvar rayonunun Bəydili kənd tam orta məktəbinin direktoru Nurlan İmanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya yeni inşa edilən binada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, burada 56 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi, tibb və əmək təlimi otaqları yaradılıb. Məktəbdə, həmçinin akt zalı, idman zalı və açıq idman meydançası inşa edilib.

Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələri çərçivəsində ötən dövrdə inşa və təmir edilən məktəblər, o cümlədən Fondun təhsilin inkişafına yönəlik fəaliyyəti ölkəmizdə bu sahədə dövlət tərəfindən görülən işlərə öz töhfəsini verir. Yeni tədris ilində Biləsuvarda inşa olunan məktəb də şagirdlərin keyfiyyətli təhsil almasına yönələn daha bir layihədir.

 

***

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Biləsuvar rayonunun Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsini ziyarət edib.

“Report” xəbər verir ki, əvvəlcə Milli Qəhrəmanın döyüş yolunun, vətənpərvərlik, qəhrəmanlıq nümunəsinin gənc nəslə aşılanması üçün şəhidin doğulduğu kənddə yaradılan ev muzeyinə gələn Leyla Əliyeva burada Mübariz İbrahimovun şəxsi əşyaları, onun həyat yolunu əks etdirən eksponatlarla tanış olub.

Sonra Mübariz İbrahimovun ailəsinin yaşadığı evə gələn Leyla Əliyeva Azərbaycanın Milli Qəhrəmanının atası və anası ilə çay süfrəsi arxasında söhbət edib.

Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

Paylaş:
Yuxarı