Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

Regioninfo xəbər verir ki, məlumatına görə, xəstəxananın direktoru vəzifəsi Namiq Həsənova həvalə olunub.

Bu gün TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Anar Ağayev Namiq Həsənovu kollektivə təqdim edib.

N.Həsənov 1998-ci ildə Cəlilabad şəhər 8 nömrəli tam orta məktəbi başa vurmuş, 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb və universiteti fərqlənmə ilə bitirib.

N.Həsənov 2003-2005-ci illərdə Respublika Uşaq Uroloji Xəstəxanasının feldşeri, 2005-2006-cı illərdə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkim-interna, 2007-2018-ci illərdə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində cərrah kimi fəaliyyət göstərib.

N.Həsənov 24.07.2014-cü il tarixində tibb üzrə fəlsəfə doktoru elmi adını qazanıb.

2018-ci ildən hazırkı təyinatınadək Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri vəzifəsində çalışıb.

Regioninfo.az kollektivi olaraq Namiq Həsənovu təbrik edir, ona uğurlar arzulayırıq!

Paylaş:
Yuxarı