Cəlilabad və Biləsuvarda güclü qar fəsadlar yaradıb, 19 kənd işıqsız qalıb

Ötən gün axşam saatlarından başlayan güclü qar Cəlilabad və Biləsuvar rayonlarında bir sıra fəsadlara səbəb olub.

Regioninfo-nun məlumatına görə, çovğunla müşahidə olunan yağıntı nəticəsində Cəlilabad–Yardımlı avtomobil yolunun dağlıq hissələrində hərəkət məhdudlaşıb. Rayonun dağlıq ərazisində yerləşən 19 kənddə elektrik enerjisinin verilişində problemlər yaranıb.

Biləsuvar rayonunda da güclü qar avtomobillərin hərəkətini çətinləşdirib, bəzi ərazilərdə elektrik enerjisində fasilələr qeydə alınıb, eləcədə rabitə xətləri qırılıb.

Cəlilabad və Biləsuvar rayonlarının aidiyyəti qurumları tərəfindən fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Hazırda bölgədə qarlı və şaxtalı hava şəraiti davam edir. Qarın hündürlüyü 20 santimetri ötüb.

Paylaş:
Yuxarı