Riyaziyyat elmləri doktoru, professor, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri Kamil Mənsimov vəfat edib.
Regioninfo xəbər verir ki, o bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Mənsimov Kamil Bayraməli oğlu 1950-ci ilin dekabr ayının 10-da Biləsuvar rayonunda anadan olmuşdur.
1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və universiteti 1973-cü ildə fərqlənmə diplomu ilə bitirərək təyinatla Azərbaycan MEA Kibernetika institutunda baş laborant kimi işə başlamışdır. 1974-cü ildə həmin institunun qiyabi aspiranturasına daxil olmuş və 1978-ci ildə aspiranturanı bitirərək 1979-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1985-ci ildə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin 26 iyun 1985-ci il tarixi qərarı ilə (protokol№870) “böyük elmi işçi” elmi adı verilmişdir. 1992-ci ilə qədər həmin institutda kiçik elmi işçi, sektor müdiri, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələlərində işləmişdir. 1992-ci ilin iyul ayında müsabiqədən keçərək Bakı Dövlət Universitetinin “Əməliyyatlar tətbiqi və riyazi modelləşdirmə” kafedrasının dosenti vəzifəsinə qəbul olunmuşdur.
1994-cü ildə Azərbaycan Respublikası prezidenti yanında AAK-ın 26 aprel 1994-cü il tarixli qərarı ilə “dosent” elmi adı verilmişdir. Dosent attestatı DR № 0458. 1994-cü ildə 01.01.09-riyazi kibernetika ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmiş və 1995-ci ildən 1998-ci ilə qədər yuxarıda adı çəkilən kafedranın professoru vəzifəsində işləmişdir. Fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi: 9 iyun 1994-cü ildə Bakı Dövlət Universiteti nəzdindəki Birdəfəlik İxtisaslaşdırılmış Elmi Şurasının qərarı ilə verilmişdir (AAK-ın Rəyasət heyətinin 14 oktyabr 1994-cü il (protokol № 28) qərarı. Diplom № 0159). Professor elmi adı: 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK Rəyasət heyətinin 14 aprel 2000-ci il tarixli qərrarı ilə verilmişdir. Professor attestatı PR № 0495. 1998-ci ildən “Riyazi kibernetika” kafedrasının müdiri işləyir.
Bundan başqa, Azərbaycan MEA Kibernetika İnstitutunda” Mürəkkəb dinamik sistemlərdə idarəetmə” laboratoriyasına rəhbərlik edir. Professor K.B.Mənsimov həmçinin Azərbaycan MEA Kibernetika institutunun müdafiə şurasının sədr müavini vəzifəsində çalışmışdır. İndi Prezident yanında AAK-ın “Riyazıyyat və mexanika” üzrə ekspert komissiyasının üzvüdür.
Azərbaycan Respublikası prezidenti, cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Tərəqqi” medalı və “Şöhrət” ordeni ilə təltif edilib.