Dövlət başçısı cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması haqqında” Sərəncamı ölkə əhalisi tərəfindən dərin razılıq hissi ilə qarşılanmışdır. Bu mühüm sərəncam sözün həqiqi mənasında dövlət müstəqilliyinin bütün hüquqi əsaslarının, milli dövlətçiliyimizin təməl prinsiplərinin, böyük çətinliklər və mübarizələr əsasında əldə etdiyimiz suverenliyimizin möhkəmlənməsi istiqamətində çox mühüm dövlət sənədidir və xüsusi siyasi əhəmiyyət kəsb edir.
Dövlət müstəqilliyi, suverenlik, öz taleyinin hakimi olmaq hər bir xalqın ən böyük arzusudur.Bu tarixən belə olmuşdur:dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq.Müdrikcəsinə deyilmiş bir həqiqət var ki, azadlığı qorumaq, daimi və əbədi etmək, onu qazanmaqdan çox çətindir. Azərbaycan xalqı da ötən əsrin sonlanlarında əldə etdiyi müsqtəqilliyini möhkəmləndirmək sahəsində hansı gücə və biliyə, iradəyə malik olduğunu artıq bütün dünyaya sübut etmişdir.
Bəli, Azərbaycan bu gün müstəqil bir ölkədir, ilbəil daha da qüdrətlənir, yenilməz bir dövlətə çevrilir. Azərbaycanın təkcə regionda deyil, dünya dövlətləri ilə siyasi və iqtisadi əlaqələri günbəgün daha geniş miqyas alır. Bu dövlətimizin, onun müdrik prezidentinin çox mühüm qələbəsidir və hər birimiz bundan böyük qürur duyuruq. Şübhəsiz ki, bu möhtəşəm uğurların təməlində artıq çox güclü bir siyasi lider kimi dünyanın diqqət mərkəzində olan Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır.
Möhtərəm Prezidentimizin imzaladığı mühüm sərəncamda deyildiyi kimi, “…hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində qarşıya çıxan çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman zabit və əsgərlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.”
Müdrik rəhbəri, dövlət başçısı olan xalq heç vaxt yenilmir, daim tərəqqi edir. Müstəqil Azərbaycan kimi. Çünki, onun İlham Əliyev kimi müdrik, düşüncəli, xalqından ilham alan güclü Prezidenti, müzəffər Ali Baş Komandanı var. Elə bir rəhbər ki, özünün dediyi kimi, ”O hər bir Azərbaycanlının Prezidentidir…”
Xalqla dövlət başçısının yenilməz, sarsılmaz birliyidir bu nailiyyətləri, qələbələri qazandıran. Tarixdə misli-bərabəri olmayan 44 günlük Vətən müharibəsində xalqımıza Zəfər Qələbəsi qazandıran, otuz illik işğala son qoyan müdrik siyasət xüsusilə son beş ildə qazanılan zəfərlərin əhəmiyyəti ölçüyə gəlməzdir.
Dövlət başçısı tərəfindən imzalanmış sərəncamda daha sonra deyilir: “…Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyamızın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.”
Ümumxalq səsverməsi yolu ilə 1995-ci ilin 12 noyabr tarixində qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası mühüm hüquqi-siyasi dövlət sənədi olmaqla, milli birliyimizin, hüquqlarımızın qorunmasını möhkəm qarantıdır. Bu Konstitusiya hər bir Azərbaycan vətəndaşı üçün ona görə əzizdir ki, onun yaranmasında Ümumilli liderimiz Heydər Əliyev şəxsən iştirak etmişdir. Dövlətimizin Əsas Qanununda Azərbaycançılıq ideologiyasına, insan hüquqlarına, insanların rifahı kimi dəyərlərə daha çox yer verilməsi Ulu Öndərin son dərəcə müdrik və uzaqgörən siyasətinin nəticəsidir.
Sentyabrın 20-si ötən ilə qədər təqvimin adi günlərindən biri idi. Lakin, 2024-cü ildən xalqımız həmin günü bayram edir. Çünki, möhtərəm Prezidentimiz İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə sentyabr ayının 20-si ölkəmizdə “Dövlət Suverenliyi Günü” kimi qeyd olunur .
“Konstitusiya və Suverenlik ili” elan olunmuş 2025-ci ilin dörddə üç hissəsi artıq arxada qalmışdır. Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında bu aylarda da bir sıra tarixi nailiyyətlərə imza atmışdır. Dövlətimizin gələcək hədəfləri isə daha genişdir.
Azərbaycan dövləti və Azərbaycan xalqı bu gün öz tarixi qalibiyyətinin təntənəsini yaşayır.
Kazım Mənsimov,
Biləsuvar Rayon Statistika İdarəsinin rəisi