Cəlilabad rayonunda I Qarabağ Müharibəsi şəhidi Hilal Hüseynov və onun qardaşı oğlu Antiterror əməliyyatı zamanı şəhid olan Ramazan Hüseynzadənin döyüş yolundan bəhs edən kitabın təqdimat mərasimi keçirilib.
Regioninfo-nun məlumatına görə, Natəvan Zahidqızı – Məlikovanın qələmə aldığı İki nəfəs – bir Vətən” adlı kitabın təqdimat mərasimində rayon rəsmiləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxış edənlər Hilal Hüseynov və Ramazan Hüseynzadənin döyüş yolundan geniş söhbət açıblar.
Qeyd edək ki, itkin-şəhid olan Hilal Dövlət oğlu Hüseynov 1971-ci il martın 4-ü Cəlilabad rayonunun Muğan kəndində anadan olub. Muğan kəndində orta təhsilini alıb. Daha sonra həqiqi hərbi xidmətə çağırılıb. 1994-cü ilin yanvar ayında itkin düşüb 2001-ci ildə ona şəhidlik statusu verilib.
Şəhid Hüseynzadə Ramazan Həmdulla oğlu 2000-ci ilin yanvarın 1-i anadan olub.
Azərbaycan Ordusunun apardığı antiterror əməliyyatı zamanı ordumuzun müddətdən artıq hərbçisi Hüseynov Ramazan Həmdulla oğlu qəhrəmancasına şəhid olub. Şəhid Cəlilabad rayonunun Muğan kəndində dəfn olunub.
O ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
