Cəlilabadda bu ilin ilk 6 ayında tikintidə və kənd təsərrüfatında əsas göstəricilər açıqlanıb.
Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə, hesabat dövründə tikinti sahəsində fəaliyyət göstərən podratçı təşkilatların öz gücləri ilə yerinə yetirdikləri işlərin həcmi (fiziki şəxslərin göstəriciləri də nəzərə alınmaqla) 6320,1 min manat təşkil etmiş və 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 44,1 faiz az olmuşdur. Ümumi işin 3481,6 min manatını inşa, yenidənqurma və bərpa
işləri, 59,1 min manatını əsaslı təmir, 2138,8 min manatını cari təmir, 640,6 min manatını isə sair tikinti işləri təşkil etmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə inşa, yenidənqurma və bərpa işləri üzrə 11,5 faiz, əsaslı təmir işləri üzrə 98,8 faiz azalma, cari təmir işləri üzrə 0,3 faiz, sair tikinti işləri üzrə isə 48,3 faiz artım müşahidə olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların həcmi 10973,4 min manat və ya 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 101,3 faiz çox, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 10711,5 min manat və ya 105,9 faiz çox olmuşdur.

2025-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı istehsalçıları tərəfindən payızlıq və yazlıq dənli paxlalılar və sair bitki növləri üzrə aparılmış əkin sahələri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir. Əlverişli hava şəraitinə görə yazlıq əkin sahələrində artım müşahidə olunur. Aparılmış yazlıq əkinlər 16632,2 hektar olaraq 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 1289,5 hektar və ya 8,4 faiz çox olmuşdur. 2025-ci ilin məhsulu üçün 2024-cü ildə 60430 hektar sahədə payızlıq taxıl əkilmişdir ki, bunun da 46980 hektarını buğda, 13450 hektarını isə arpa təşkil etmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən payızlıq əkinlərin sahəsi 5800 hektar və ya 8,8 faiz az olmuşdur.