“Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm İnfrastrukturunun Təşkili layihəsinin icrasına start verilib
Turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsinin qalibi olan “Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili layihəsinin icrasına başlanılıb.
15.07.2025 tarixində Astara rayonunun, Sım kəndində rəhbəri Pərviz Salayev olan “Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili layihəsinin icra planına uyğun olaraq layihənin kordinatoru – turizm layihələri üzrə mütəxəssis Elm Tədris Akademiyasının direktoru Samir Salayevin, layihənin eksperti – turizm layihələri üzrə mütəxəssis, RODOOS Training Consulting şirkətinin təsisçisi Rafət Şirəliyevin, Lənkəran Regional Turizm İdarəsinin nümayəndəsi – Kərim Şəfizadənin, Sım kəndi icmasının turizm fəaliyyəti ilə məşğul olan bir qrup nümayəndələrinin iştirakı ilə ilk görüşü təşkil olunub.Görüşün əsas məqsədi layihə çərçivəsində fəaliyyətləri səmərəli təşkil etmək üçün müzakirə təşkil etməkdən və infrasturukturun yaradılması üçün nəzərdə tutulan yerlərə baxış keçirmək ibarət olub.
Görüş zamanı qonaqları salamlayan layihənin rəhbəri Pərviz Salayev Sım kəndində bugünə qədər təşkil olunan müxtəlif layihələrə diqqət yönəldərək kəndin inkişafı üçün görülən işlərə görə müvafiq dövlət təşkilatlarına təşəkkürünü ifadə edib. Qeyd edib ki, “Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili layihəsi çərçivəsində ləvazimatlarla tam təmin olunmuş piknik şəraitinin yaradılması məqsədi ilə kəndin çay kənarı adlanan hissəsində hər birinin tutumu 10 nəfərlik olan 2 ədəd üstü örtülü istirahət infrasturukturu (besedka) yaradılacaq, onların yaxınlığında isə uşaqların əylənməsi üçün sürüşkən və yelləncəklərdən ibarət atraksionlar quraşdırılacaq. Qədim tarixi eksponatların sərgilənməsi üçün 1 ədəd muzey sərgi məkanı infrasturukturu yaradılacaq. Sım kəndinin məhsullarını turistlərə təqdimatı üçün kəndin mərkəzində 1 ədəd satış köşkü tikiləcəkdir. Nəticədə Sım kəndinə turistlərin marağını artıracaq dayanıqlı infrasturukturlar yaranmış olacaq. Bütün nəzərdə tutulan tikililər yekunlaşandan sonra 20 nəfər seçilmiş media nümayəndəsi üçün 2 günlük “Sım – turizm və məhsul karnavalı” təşkil olunacaq, nəticədə geniş formada ictimaiyyətə təqdim olunacaqdır. Bir daha yaradılan şəraitə görə Dövlət Turizm Agentliyinə təşəkkürünü ifadə edib.
Çıxış edən layihənin kordinatoru Samir Salayev çıxışında layihə icra planına uyğun olaraq fəaliyyətlərin icrası ilə bağlı iştirakçıları məlumatlandırıb. Bu zaman layihə komandasının öhdəsində olan vəzifələri xatırladıb. Layihənin işinə uğurlar diləyib.
Layihənin eksperti Rafət Şirəliyev çıxış edərək qeyd edib ki, layihə çərçivəsində həll olunacaq problemlər kəndə turizm axınının artmasına müsbət təsir edəcəkdir. Layihənin keyfiyyətli idarə olunması ilə bağlı tövsiyələrini təqdim edib.
Sonra çıxış edən Sım kəndinin sakinləri qeyd ediblər ki, yaradılan infrasturukturları Sım kəndinə təyin olunan turların sayını həm kəmiyyət , həm də keyfiyyət baxımından daha da artıracaqdır. Bu layihəyə diqqət göstərdiyi üçün Dövlət Turizm Agentliyinə təşəkkürünü ifadə ediblər.
Müzakirələrdən sonra iştirakçılar infrasturukturun yaradılacağı ərazilərə baxış keçirərək tikintilərin yerini planlamağa çalışıblar. Bu zaman ərazi planlamasında dəqiqliyi təmin etmək üçün Sım kəndinə də rəhbərlik edən Pəlikeş kənd icra nümayəndəliyi ilə, Pəlikeş kənd bələdiyyəsi ilə, Meşə təsərrüfatı idarəsinin əraziyə baxan səlahiyyətli nümayəndəsi ilə əlaqə qurulub. Layihənin uğurla icrası üçün öncədən də verilən dəstək məktublarına müvafiq olaraq qeyd olunan təşkilatların da layihənin icrasına dəstəyi bir daha ifadə olunub.
Qeyd edək ki, “Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili layihəsi 01.07.2025-01.12.2025 tarixlərində Astara rayonunun Sım kəndində icra olunur.
“Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı
Turizm infrastrukturunun təşkili
layihəsinin mətbuat xidməti
