Müəllimlər üçün öyrətmənin ən effektiv yolu – İdeal icmal necə olmalıdır? / Samir Salayev

Davamlı və dinamik  inkişaf edən dünyada müəlimlərin illərdir dəyişməyən aparıcı pedaqoji qabiliyyətləri bunlardır: Təşkilatçılıq qabiliyyəti və Didaktik qabiliyyət.  Bugün Didaktik, yəni öyrətmə qabiliyyətindən bəhs edəcəyəm. Öyrətmə strategiyaları çox mürəkkəb və zəngin üsul və formaları özündə birləşdirir.  Bütün strategiyaları ümumiləşdirəndə şagirdi düşündürmək, şagirdi tədqiqata cəlb edərək yeni bacarığı özlərinin kəşf etməsinə bilərəkdən şərait yaratmaq əsas istiqaməti təşkil edir. Didaktik metodları uzun illər araşdıran bir mütəxəssis və təlimçi olaraq ölkəmizin ümumtəhsil müəssisələri üçün ən məntiqli və ən keyfiyyətli  öyrətmə metodu olan 7 mərhələli fəal dərsin tətbiqinin izahını daha geniş auditoriya üçün təqdim edirəm.

Fəal dərs və ya interaktiv təlim elə təlimə deyilir ki, dialojidir, yəni müəllim və şagird arasında qarşılıqlı ünsiyyət mövcuddur və fəal idrak prinsipinə əsaslanır. Təlim boyunca idrak fəallığının yüksək tutulması şərtdir. Dərsə daxil olmamış tədris proqramına baxıb dərsimizi müəyyən edirik. Sonra metodik vəsaitlə tanış olaraq Altstandarta diqqət edərək onun əsasında dərsimizin məqsədlərini (təlim nəticələrini) müəyyən edirik. (Qiymətləndirmə meyarı isə bu məqsədlərdən əmələ gəlir). Sonra dərslikdə həmin mövzuya aid paraqrafla tanış olaraq mövzunu məqsədimizə çatmaq üçün şagirdlərlə işləyəcəyimiz resurs kimi təhlil edirik. Əgər mövzu şagirdlərimizin səviyyəsinə uyğun deyilsə, onu daha uyğun hesab etdiyimiz mövzu ilə əvəzləyə bilərik, əsas odur ki, müəyyən etdiyimiz məqsədlərimizə çata bilək. Çünki altstandartı və məqsədləri dəyişmək səlahiyyətimiz yoxdur. Beləliklə artıq məqsədlərimiz də, ona çatmaq üçün istifadə olunacaq mövzu resurslarımız da müəyyən olundu. Həmin məqsədlərə çatmaq üçün 7 mərhələli dərsimizi qurmağa başlayırıq.

 

7 ardıcıl mərhələdən ibarə  fəal dərsin aşağıdakı mərhələləri vardır:
1. Motivasiya mərhələsi;
2. Tədqiqatın aparılması mərhələsi;
3. Məlumatın mubadiləsi;
4. Məlumatın müzakirəsi;
5. Ümumiləşdirmə və nəticənin çıxarılması;
6. Produktiv tətbiqetmə;
7. Qiymətləndirmə və refleksiya;


İndi isə hər bir mərhələdə yerinə yetiriləcək fəaliyyətlərə diqqət edək.

 

  1. Motivasiya mərhələsi.
    Motivasiya istənilən fəaliyyətə maraq oyatmaq deməkdir. Motivasiya mərhələsi şagirdlərin idrak fəallığını oyatmağa xidmət edir. Bu mərhələdə müəllim çalışır ki, şagirdləri düşündürsün, düşünən şagirdləri isə danışdırmaqla dərsə cəlb etsin. Motivasiyanın qurulması üçün nəzərə alınmalı vacib amil dərs zamanı hansı bilik və bacarıqlar öyrəniləcəksə, onların real həyatla əlaqələndirilməsidir. Belə olduqda fəaliyyət həm daha maraqla qarşılanır, həm də hər bir şagird (az oxuyan, çox oxuyan fərqi yaranmadan) prosesə aktiv qoşula bilir. Motivasiya qurmaq yolları aşağıdakılardır:
    – əyani vəsaitlərdən istifadə etmək (şəkillər, karikaturalar, videolar və s.);
    – hekayə oxumaq (şagirdlər dinlədikdən sonra hekayəyə aid suallara cavab verirlər);
    – açıq tipli suallar vermək;
    – içərisində bir neçə səhv olan əsərin təqdimatı (şagirdlər səhvi tapmalı olur); və s.

          Motivasiya mərhələsində buraxılan səhvlər:
    – Çoxlu cavabları olan sual əvəzinə bir cavabı olan sual vermək;
    – Şagirdlərdə coşqu yaratmağı hədəf seçərək oyunlar keçirmək;
    – Əyləncəli və ya qeyri-adi informasiyalardan istifadə etməklə qurmaq;
    – Həyati əhəmiyyətli problem qoymamaq; və s.

    Müəllim əmin olmalıdır ki, sinifdəki bütün şagirdlər motivasiya mərhələsində cəlb olunub. Onların hər birinə eyni səviyyədə diqqət göstərilməlidir. Şagirdlər səhv fikir deməkdən qorxmamalıdırlar. Bunu psixoloji dəstəklə həll etmək lazımdır. Şagirdlər yaradılan şəraitdən istifadə edərək rahat, sərbəst şəkildə fikirlər bildirməlidirlər. Adətən bu seansın sonlarına yaxın şagirdlərin fikirləri dərsin əsas mövzusundan yayınmağa doğru gedir. Bu zaman müəllim fəallıqlarına görə sinifə təşəkkür etdikdən sonra deyir ki, “İndi isə bu suala cavab axtaraq” və lövhəyə tədqiqat sualını yazır. Beləliklə, motivasiya mərhələsi başa çatır.

    Unutmayaq ki, motivasiyanın nəticəsi olan tədqiqat sualı təlim nəticələrinə xidmət etməlidir. Bu prosesdə dərsin mövzusu yalnız vasitə rolunu oynayır. Mövzu vasitə olsa da, müəyyən hallarda motivasiyanın məzmununa təsir edə bilər.

    Motivasiyanın qiymətləndirilməsi meyarları – yığcamlığı, müəllimin az vaxt və qüvvə sərf etməsi, şagirdlər tərəfindən orta çətinlikdə dərk edilməsi, məqsədəuyğunluğu

 

Motivasiyanın prinsipləri – məqsədyönlülük, problemlilik

 

Əlavə prinsiplər: Zorla heç kimi motivə etmək olmaz, hər kəsin bir motivasiyası var və hər kəs məsələyə öz motivindən yanaşır.


  1. Tədqiqatın aparılması mərhələsi

    Tədqiqat sualının düzgün seçilməsi olduqca vacibdir, çünki tədqiqat sualı dərsin sonuna qədər şagirdə “yol göstərən ulduz” olur. Şagird onun iziylə gedir və yeni bacarıqlar qazanır. Tədqiqat sualı elə qoyulmalıdır ki, onun cavabı birbaşa mövzunun içində olmasın. Şagird mövzunu araşdırandan sonra qazanacağı yeni təcrübələrindən istifadə edərək tədqiqat sualının cavabını tapmalıdır. Tədqiqat sualının cavabını tapan şagird təlimin məqsədinə uyğun yetişmiş şagird olur.

    Tədqiqatın aparılması mərhələsində müəllimin bir neçə vacib vəzifələri vardır:
    – Tədqiqata ayrılan vaxtı elan etməlidir;
    – Qiymətləndirmə meyarlarını elan etməlidir;
    – Tədqiqat üçün mənbələri elan etməlidir. ( Kitabxana, internet linki və əgər bu mənbələr taplmazsa ən minimal mənbə kimi dərslik);
    – Tədqiqatın aparılmasına şərait yaratmalıdır;

    Əgər yuxarıdakı vəzifələr yerinə yetirilməzsə buraxılan səhvlər  sayılar.

    Qeyd 1: Tədqiqatın aparılması mərhələsində faktlar araşdırılır, yeni biliklər qazanılır, tədqiqat və faktlar mərhələnin nəticəsi kimi ortaya çıxır.

    Bu mərhələdə iş vərəqlərindən istifadə oluna bilir. İş vərəqi  şagirdin fəal tədqiqat işini təşkil edən vasitədir. mİş vərəqini hazırlayarkən müəllim nəyi nəzərdə tutur? –  tapşırığın həcmini ( yaşa görə müəyyən olunur ) , sualların sayını (çətinlik səviyyəsinə görə müəyyən olunur)  , sualların növünü (müxtəlif tipli olur) , tapşırığın tərtibetmə qaydalarını

 

İş vərəqi necə olur ?- məhdud, formal rəsmi məlumatlar əks olunur , estetik, suallar konkret ifadə olunur , milli dəyərlərə əsaslanan , dövlət proqramına uyğun , suallar aydın olmalıdır, diferensial xarakter daşıyır, dərsin məqsədinə uyğun olmalıdır,şagirdin yaşına uyğun olmalıdır

  • İş vərəqindən istifadənin müsbət təsiri:
    Rəngarənglik şagirdlərin fəallaşmasına gətirib çıxarır, bununla da təlimin əlavə motivasiyası yaranmış olur;
  • Tədqiqat prosesində kiçik qrupların fəaliyyətinin dürüst təşkilinə kömək edir;
  • Müəllimin giriş sözü və təlimat üçün ayırmalı olacağı vaxta qənaət edilir;
  • Şagirdlər işlərin nəticələrini müxtəlif formalarla təqdim etməyi öyrənirlər.


  1. Məlumatın mübadiləsi mərhələsi

    Tədqiqata ayrılan vaxt bitdikdən sonra müəllim bir-bir şagirdlərə yaxınlaşıb onların tədqiqat sualıyla bağlı düşüncələrini soruşur. Bu zaman “bütün şagirdlər müəllimə baxır”, çünki şagirdlər yalnız müəllimə öz fikirlərini bildirirlər. Bu zaman mübadilə ona deyilir ki, bir şagird öz düşüncəsini deyirsə, digər şagirdlər də bu yeni düşüncəni duymuş olur. Bir sözlə, 20 nəfərlik sinifdə bir şagird öz fikrini deyir, əvəzində 19 şagirdin düşüncələrini də dinləmiş olur. Buna mübadilə deyilir. Bu mərhələdə deyilən bütün fikirlər növbəti mərhələ üçün güclü faktlar yaratmış olur. Bu mərhələdə müəllim şagirdin fikrini olduğu kimi, dəyişmədən qəbul etməlidir. Şagirdin fikrinə düzəliş etmək qadağandır.
    Göründüyü kimi informasiyanın mübadiləsi aparılır. Suala cavab tapmaq üçün bir-birini fəal dinləyirlər. Yeni biliklərin dairəsi cızılır, hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır.

Mübadilədə öyrədənin hansı səhvləri daha çox müşahidə olunur ?

  1. Yalnız təqdimat edənləri diqqət mərkəzində saxlayır, digər dinləyicilər diqqətdən kənarda olur;
  2. Təqdimatlara qulaq asır, vaxta qənaət etmək üçün fikir mübadiləsinə imkan yaratmır.
  3. Müəllim təqdimat edənləri formal dinləyir, rəsmiyyət xatirinə qulaq asır, ifadələrin aydınlığı üçün düzəlişlər etmir, yəni təqdimat mədəniyyəti formalaşdırmağa çalışmır;
  4. Təqdimatlardan sonra müəllim özü onu şərh edir, qiymətləndiri və tapılmış faktlara öz münasibətini bildirir.

    3. Məlumatın müzakirəsi mərhələsi

    Məlumatın müzakirəsi mərhələsində müəllim şagirdlər üçün şərait yaradır ki, tədqiqat sualının cavabını birlikdə müzakirə edib tapsınlar. Bu mərhələdə şagirdlər müəllimə yox, “bir-birinə baxırlar”. Bu mərhələdə şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürünün bütün elementləri səfərbər olunur. “Sağlam” aparılan müzakirədə artıq tədqiqat sualının cizgiləri də görünməyə başlayır. Bu mərhələdə müəllim müzakirəyə müdaxilə edə bilməz. Amma müəllim əgər hiss etsə ki, bu müzakirə yanlış istiqamətə gedir, o zaman müəyyən suallar verməklə şagirdləri doğru yola dəvət edə bilər. Deməli, icmalda bu mərhələdə ehtiyat üçün 5-6 sualın olması hər zaman səmərəlidir. Məlumatın müzakirəsi mərhələsinin sonunda dərs boyunca söylənmiş fikirlərin, məlumatların sistemləşdirilməsi həyata keçirilir.

    Müzakirədəki səhvlər

  5. Müəllim öz şəxsi fikirlərini zorla qəbul etdirir
  6. Yönəldici suallardan istifadə edir (hazır cavaba yönəldən, düşünməyə və təhlil etməyə imkan verməyən suallar) və nəticədə şagirdlərin özlərinin həll yolunu tapmasına imkan vermir.
  7. Uşaqların irəli sürdükləri ideyalar müzakirə zamanı müəllim tərəfindən fərqləndirilmir və qeyd edilmir.

    5. Ümumiləşdirmə və nəticənin çıxarılması

    Bu mərhələdə müəllim sinfə müraciət edərək, səmərəli müzakirəyə görə bir daha təşəkkürünü ifadə edə bilər, ardınca isə təklif edir ki, “İndi gəlin dərsin əvvəlində verdiyimiz suala elə cavab tapaq ki, bu bütün sinifin cavabı olsun”. Beləliklə, şagirdlər müzakirə mərhələsində sistemləşdirdikləri məlumatı təqdim edirlər. Əgər bu mərhələyə qədər müəllimin nəzarəti ilə qaydasında gedibsə proses, o zaman sinifin verdiyi məluma,t həqiqətən də, tədqiqat sualının cavabı olur. Müəllim bu cavabı lövhəyə yazır və təxminən “Əhsən, sizi təbrik edirəm, bu, düzgün cavabdır!” deyib şagirdləri alqışlayır. Dərsin kulminasiya məqamı məhz indi baş tutur. Belə ki, şagirdlər düzgün cavabı özlərinin kəşf etdiyini düşünərək hədsiz sevinc hissləri yaşayırlar.
    Bu mərhələdə müəllimin əsas vəzifələrindən biri “körpülərin salınmasını” təmin etmək, yəni şagirdlərin dərsin əvvəlində söylədikləri fərziyyələrlə bu mərhələdə aldıqları yekun cavablarının müqayisəsini aparmaqdır. (Bu əsasən gedilən mərhələlərin nə qədər mühüm olmasını da ortaya çıxarır). Əgər müqayisə aparılmazsa öyrədənin səhvi sayılır.

    Ümumiləşdirmədə buraxılan səhvlər

  8. Müəllim problem qoyur və özü də onu həll edir və ya şagirdlərin əvəzinə özü nəticə çıxarır;
  9. Müəllim şagirdlərin dərsin axırında çıxardıqları nəticələri və etdikləri ümumiləşdirmələrlə ilkin fərziyyələr və tədqiqat sualı arasında əlaqə yaratmağa çalışmır. (Yuxarıda qeyd olunduğu kimi, müqayisə aparılmır, körpülər salınmır.)

    6. Yaradıcı (Produktiv) tətbiqetmə

    Buna yaradıcı tətbiqetmə mərhələsi deyilir. Müəllim bu mərhələyə qədər şagirdlərin əldə etdikləri yeni bilik və bacarıqları möhkəmləndirmək məqsədi ilə şagirdlərə tapşırıqlar verir. Vaxt etibari ilə bu mərhələ bir 45 dəqiqəlik dərslə məhdudlaşmaya bilər. Məsələn, müəllim 10 tapşırıq veribsə, şagirdlər verilən zamanda 5 tapşırığı edib, onun oxşarı olan digər 5 tapşırığı isə evdə yerinə yetirib növbəti dərsə gətirib çatdıra bilər. Müəllim bu məqamda əmin olmalıdır ki, şagird həqiqətən də evdə onun nəzarəti olmadan da bu tapşırığı müstəqil yerinə yetirməyi bacarar.

  10. Qiymətləndirmə və refleksiya

    Refleksiya başa çatmış prosesin şüurda inikasıdır (əksidir). Müasir təhsil sistemində nəticəyə yox, gedilən yola önəm verirlər. Gedilən yolu isə şagirdə “Sən bunu necə etdin?”, “Niyə bu yolla getməyi səmərəli hesab edirsən?” və s. tipli suallar verməklə dəqiqləşdirmək olur. Çünki burada müəllim əmin olmalıdır ki, şagirdin aldığı cavab təsadüfi deyildir. Bir sözlə, müasir qiymətləndirmədə gedilən yolun düzgün olmasına çox önəm verilir. Məşhur amerikalı alim Karol Dvek hətta təklif edir ki, nəticəni deyil, gedilən yola diqqət edin. Ən əsası bu düzgün yola sərf olunan zamana görə qiymət verin. Yəni düzgün ardıcıllığı daha qısa zamanda, səhvsiz gedən şagird yüksək nailiyyət göstərmiş sayıla bilər.
    Sinifdə refleksiya aparmaq üçün bu fəaliyyətlərdən istifadə etmək olar.
          Şəxsi jurnallar. Şagirdlər özləri üçün şəxsi jurnallar ayırır, buraya həftəlik olaraq öyrəndiklərini, təcübələrini, maraqlı məqamları yazırlar. Bu jurnallar formativ və ya summativ qiymətləndirmələr zamanı müəllimlə paylaşıla bilər.
    Müzakirələr. Şagirdləri refleksiyaya səsləməyin bir yolu da onları müzakirəyə dəvət etmək, cəlb etməkdir.
    Müsahibə. Bu yolla həm müəllim şagirdləri, həm də şagirdlər öz şagird yoldaşlarını tədris ilinin müəyyən vaxtlarına sorğu-sual edə bilirlər. Ən əsas dərsdə öyrəndiklərini harada tətbiq edəcəkləri barədə aparılan müsahibələr daha effektiv sayılır.
          Cümlə kökləri. Bu üsulun səmərəli tərəfi odur ki, şagirdin müzakirədə istifadə edəcəyi cümlənin əvvəli verilir. Bu istiqamətə əsasən şagird ardını gətirməli olur.
    Məsələn:
    – Bu mövzu ilə bağlı mənə qaranlıq qalan odur ki,  ………….. .
    – Gələn dərs üçün öyrənmə məqsədlərimi …………… kimi müəyyən edirəm.

    Bu üsul az danışmağa meyilli və ya  danışarkən mövzudan – sualdan daha çox yayınan şagirdlər üçün effektivdir.

    Çıxış biletləri.  Formativ qiymətləndirmədə istifadə olunur. Şagird çıxış biletləri üsulu ilə özünü qiymətləndirir. Cari dərs prosesində nədə zəif, nədə güclü olduğunu qeyd edir. Növbəti dərsə qədər hansı qabiliyyətlərini daha təkmilləşdirməli olduğunu düşünür. Sinif yoldaşlarıyla əməkdaşlığını qiymətləndirir. Bir sözlə, şagird özünə obyektiv qiymət verir. Şagirdin özünü obyektiv olaraq tanıması müəllimin düzgün qiymət verməsinə dəstək vermiş olur. və s.

    Qeyd 1: Qiymətləndirmə meyarlar tədqiqatın aparılması mərhələsində elan olunur. Lövhəyə şagirdlərin görə biləcəyi yerə yapışdıra bilər. Şagird bilməlidir ki, bu 45 dəqiqə ərzində hansı bacarığı qiymətləndiriləcəkdir.
    Qeyd 2: Qiymətləndirmə prosesi bütün dərs boyunca, yəni bütün mərhələlərdə həyata keçirilir.
    Qeyd 3: Qiymətlərin elan olunması yalnız fəal dərsin 7-ci mərhələsində – qiymətləndirmə və refleksiya mərhələsində həyata keçirilir.

    Göründüyü kimi bu məntiqi ardıcıllığa əməl edən hər bir müəllim mütləq uğura çata bilir. Həmçinin görünür ki, ideal icmal hər bir müəllimin öz sinfinin şagirdlərinin səviyyəsini nəzərə alaraq qurduğu icmaldır.

    Qeyd: Bəzən mövzu materialı çox geniş olur, evə mövzunu öyrənməyə tapşırmaq qaydası artıq yeni sistemdə yoxdur. Bu zaman sinifdə həmin material mənimsənməlidir. Bunun üçün “Ziq-zaq” təlim üsulu kimi üsullardan istifadə olunur. Bu o deməkdir ki, fəal dərsin 7 mərhələsi tətbiq olunmur. Sadəcə motivasiya qurulur, sonra təlim üsuli tətbiq olunur, sonda qiymətləndirmə və refleksiya aparılır.

    Bu istiqamətdə youtube platformasında da izahlarım vardır. Maraqlanan hər bir ümumtəhsil müəssisəsinə dəstək olmağa hazırıq.

    Samir Salayev

    Elm Tədris Akademiyasının Kurikulum təlimçisi
    Lənkəran Dövlət Universitetinin doktorantı

Paylaş:
Yuxarı