Şirvan-Salyan üzrə 4 layihə “Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Vüqar Dadaşov Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsində uğur qazanan şagirdlər və onların müəllimləri ilə görüş keçirib.
Görüşdə şagirdlərin və müəllimlərin bu mühüm layihədə əldə etdikləri nailiyyətlər təqdir olunub və onlara növbəti mərhələdə uğurlar arzulanıb.
Belə ki, Şirvan şəhərindən 1, Hacıqabul rayonundan 1 və Neftçala rayonundan 2 layihə finalda iştirak hüququ əldə edib. “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsi (bundan sonra Müsabiqə) hər il ABŞ-da keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə milli seçim turudur.
Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.
Qeyd edək ki, müsabiqənin Azərbaycandakı final mərhələsinin – sərginin mart ayında Bakıda keçirilməsi planlaşdırılır.
Paylaş: