Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Neftçala rayonu üzrə ümumi təhsil müəssisələrinin rəhbər və müəllim heyəti ilə görüş təşkil olunub.
Regioninfo xəbər verir ki, tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Vüqar Dadaşov, Neftçala rayonu üzrə təhsil sektorunun müdiri, Tədrisin keyfiyyəti sektorunun əməkdaşı, ümumtəhsil məktəblərinin direktorları və müəllimlər iştirak ediblər.
Görüşdə 2025-ci il üçün Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun fəaliyyət planı, təhsilin keyfiyyətinin artırılması və məktəb idarəçiliyində yeni yanaşmalar, məktəbdaxili qiymətləndirmənin düzgün təşkili, PISA 2025 Beynəlxalq şagird qiymətləndirilməsi, BilBacar müsabiqəsi və həyata keçiriləcək monitorinqlərə hazırlıq məsələləri müzakirə olunmuşdur.
Daha sonra Vüqar Dadaşov məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə ayrıca görüş keçirərək tədris keyfiyyətinin monitorinqi, müəllimlər, valideynlər və şagirdlər arasında əməkdaşlığın gücləndirilməsi və heyətin peşəkar inkişafının davamlılığı mövzularında fikir mübadiləsi aparmışdır.
Qeyd edək ki, məqsəd təhsil müəssisələrində effektiv idarəetmə sistemini tətbiq etməklə təhsilin keyfiyyətini ən yüksək səviyyəyə çatdırmaqdır.