BMT-nin Əhali Fondunun təşkilatçılığı ilə Lənkəranda “Qızlar İqlim Fəaliyyətinin Mərkəzində” adlı düşərgə keçirilib

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, COP29-un İqlim üzrə Gənclər Çempionunun və “Forest School Azerbaijan”ın dəstəyi ilə 11-13 oktyabr tarixlərində Lənkəran şəhərində “Qızlar İqlim Fəaliyyətinin Mərkəzində” adlı düşərgə təşkil edilib.

Ölkənin müxtəlif regionlarından 25-dək yeniyetmə qızın qatıldığı düşərgənin keçirilməsində məqsəd qızlarda təcrübəyə əsaslanan öyrənmə, liderlik və açıq hava məşğələləri vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə mövzusunda həssas yanaşma formalaşdırmaqdan ibarət olub.

11 oktyabr – Beynəlxalq Qız Uşaqları Günündə start götürən düşərgənin davam etdiyi üç gün müddətində iştirakçılar “İqlim dəyişikliyi və gender”, “Qızların iqlim dayanıqlılığında rolu”, “İqlim fəaliyyətlərində liderlik” və digər mövzularda təlimlərdə iştirak ediblər. Bununla yanaşı, “Forest School” təhsil konsepsiyasına uyğun olaraq “Yerli ekosistemlərin öyrənilməsi”, “Ekoloji fərqindəlik” kimi sosial, emosional, fiziki və intellektual istiqamətli müxtəlif sessiya və fəaliyyətlərə qoşulublar.

Düşərgədə iştirak edən yeniyetmə qızlar həmçinin ekoloj davamlılığı öz icmalarında necə tətbiq və təşviq edəcəklərini öyrənərək bu istiqamətdə qrup müzakirələri və simulyativ oyunlarda iştirak ediblər.

Sözügedən düşərgə BMT-nin Əhali Fondunun noyabr ayında Bakıda keçiriləcək COP29 konfransına hazırlıq çərçivəsində həyata keçirdiyi tədbirlərin bir hissəsidir.

Paylaş: