27 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Dahi Şəxsiyyət Heydər Əliyev” layihəsinin növbəti mərhələsi Masallı rayonunda keçirilib.
“Dəfinə” məktəb-liseyində keçirilən tədbirdə layihə rəhbəri Ülvi Həzizadə, Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əlimərdan Abdullayev, YAP Masallı rayon təşkilatının əməkdaşı Eldar Kazımov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Lətifə Həsənova, Masallı Gənclər Evi Sosial Xidmət müəssisəsinin metodisti Tural Sadıqov, layihənin eksperti Elçin Həsənli və şagirdlər iştirak edib.
Əvvəlcə çıxış edən layihə rəhbəri Ülvi Həzizadə dövlət gənclər siyasəti, Gənclər Fondunun fəaliyyəti, həmçinin layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə tədbir iştirakçılarına geniş məlumat verib. Layihə rəhbəri bildirib ki, Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir.
Çıxış edən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ə.Abdullayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Xalqımızın xilaskarı, müdrik dövlət xadimi Heydər Əliyevin əbədiyaşar ideyaları Azərbaycan xalqının dəyərli sərvətidir. O, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində ölkəmizin möhtəşəm uğurlara imza atdığını bildirib.
Həmçinin çıxış edən YAP Masallı rayon təşkilatının əməkdaşı E.Kazımov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna yeri və rolundan danışıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərdən, Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində əldə edilən uğurlardan söhbət açaraq Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın zirvələr fəth etdiyini, davamlı və dinamik inkişaf yolunda olduğunu vurğulayıb.
Çıxış edən digər qonaqlar Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən danışıb.
Layihənin eksperti E.Həsənli keçirilən layihəyə müsbət rəy bildirərək, əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərib. O bildirib ki, Ümummilli Lider Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb.
Qeyd edək ki, layihənin əsas məqsədi Ulu öndər Heydər Əliyevin zəngin həyat yolunun, Azərbaycanı inkişafa və qələbələrə aparan güclü dövlətçilik ideyalarının ideyalarının regionlarda yaşayan gənclər arasında təbliğidir.
Sonda tədbir iştirakçıları layihədə fəal iştirakına görə sertifikatlarla təltif olunublar.
Məlumat üçün qeyd edirik ki, layihə növbəti günlərdə Lənkəran rayonunda da icra olunacaqdır.