“Dahi Şəxsiyyət Heydər Əliyev” irsinin öyrənilməsi layihəsinin açılışı olub

16 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Dahi Şəxsiyyət Heydər Əliyev” layihəsinin Biləsuvar Heydər Əliyev Mərkəzində açılış mərasimi keçirilib.

Regioninfo-nun məlumatına görə, ilk öncə tədbir iştirakçıları Mərkəzdə xalqımızın Ümumilli lideri, Müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əlirza oğlu Əliyevin siyasi irsini, həyat və fəaliyyətini öyrənmək, araşdırmaq, gələcək nəsillərə aşılamaq, onun memarı olduğu dövlətçilik ənənələrini yaşatmaq məqsədilə yaradılmış bölmələri ziyarət ediblər. Daha sonra məktəblilər tədbirin açılış mərasimə qatılıblar.

Tədbirdə layihə rəhbəri Ülvi Həzizadə, Biləsuvar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ziya Qurbanov, YAP Biləsuvar raypon təşkilatının sədr müavini Aqşin Qasımov, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Hüseynli, həmçinin layihənin eksperti Elçin Həsənli və 50 nəfər şagird iştirak edib.

Əvvəlcə çıxış edən layihə rəhbəri Ülvi Həzizadə dövlət gənclər siyasəti, Gənclər Fondunun fəaliyyəti, həmçinin layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Layihə rəhbəri qeyd edib ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş Dahi Şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.

Çıxış edən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Z.Qurbanov bildirib ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.

Həmçinin çıxış edən YAP Biləsuvar rayon təşkilatının nümayəndəsi A.Qasımov qeyd edib ki, bu gün Ümummilli Liderin zəngin irsinin daha dərindən, hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və azərbaycançılıq ideyalarının təbliği Heydər Əliyev siyasətinə verilən böyük önəmin göstəricisidir.

Biləsuvar rayon gənclər və idman sektorunun nümayəndəsi E.Hüseynli çıxışında Ulu öndərin gənclər siyasətinə geniş yer vermiş, həyata keçirilən bu cür tədbirlərin gənclərin vətənpərvər ruhda inkişafında böyük əhəmiyyə kəsb etdiyini qeyd edib.

Layihənin eksperti E.Həsənli keçirilən layihəyə müsbət rəy bildirirək, əlavə edib ki, yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz və bu xidmətlərin gənclərimiz arasında təbliği böyük önəm kəsb edir. Sonda ekspert layihənin gedişatına uğurlar arzulayıb.

Əlavə edirik ki, layihənin əsas məqsədi Ulu öndər Heydər Əliyevin zəngin həyat yolunun, Azərbaycanı inkişafa və qələbələrə aparan güclü dövlətçilik ideyalarının ideyalarının regionlarda yaşayan gənclər arasında təbliğidir.

Sonda tədbir iştirakçıları layihədə fəal iştirakına görə sertifikatlarla təltif olunublar.

Məlumat üçün qeyd edirik ki, layihə növbəti günlərdə Salyan, Cəlilabad, Masallı və Lənkəran rayonlarında da icra olunacaqdır.

Paylaş: