Bu gün Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş terror hücumundan bir il ötür.
“Report” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, terror hücumu nəticəsində Səfirliyin bir əməkdaşı həlak olmuş, digər iki əməkdaşı isə müxtəlif bədən xəsarətləri alaraq ağır yaralanıb. Hücumdan sonra insanların həyat və təhlükəsizliyinə yaranmış ciddi risk vəziyyəti nəzərə alınaraq, Səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi həyata keçirilib.
“Səfirliyə qarşı törədilmiş terror aktı fonunda akkreditasiya ölkəsi kimi İran tərəfi “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası”ndan irəli gələrək Səfirliyin binasının hər cür hücumlardan qorunması və onun əməkdaşlarının təhlükəsizliyinin təminatına dair öhdəliyini yerinə yetirməyib”, – deyə vurğulanıb.
O da qeyd edilib ki, terror aktından sonra bir çox dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq münasibətlərdə diplomatik missiyalara hücumun qəbuledilməz olduğu, terror aktının qətiyyətlə pisləndiyi bəyanatlarla çıxış ediblər:
“Terror hücumu ilə bağlı Azərbaycanla İran arasında yaranmış vəziyyətin aradan qaldırılması, sözügedən terror aktının təşkili və törədilməsində əli olanların ən ağır şəkildə cəzalandırılması, Səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi istiqamətində son bir il ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında mütəmadi təmaslar davam etdirilib. Azərbaycan tərəfinin gözləntiləri qarşı tərəfə çatdırmışdır. İran tərəfi aparılan istintaq tədbirləri barədə mütəmadi əsasda Azərbaycan tərəfini məlumatlandırmış, uzun müddət aparılmış prosesdən sonra terror aktını törədən şəxsin məhkəməsinin ilk iclasını 27 yanvar 2024-cü il tarixinə təyin edib”.
“Səfirliyə qarşı törədilmiş terror aktının birinci ildönümündə şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir, bu hücumu bir daha qətiyyətlə pisləyir, günahkarların öz layiqli cəzalarına çatmaları və gələcəkdə bu qəbildən əməllərin qarşısının alınması istiqamətində İran tərəfindən tezliklə nəticəyönümlü addımların atılacağını gözləyirik”, -deyə bildirilib.
Qeyd edək ki, 2023-cü ilin yanvar ayının 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Azərbaycan XİN yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb.