Azərbaycan Ordusunun hərbi qulluqçusu öldürülüb, zabit şübhəli şəxs qismində saxlanılıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Abdullayev Amil Hümbət oğlunun ölüm faktı barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə “Report”a Hərbi Prokurorluqdan məlumat verilib.

Qeyd edilib ki, fakt üzrə Füzuli hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb, Füzuli hərbi prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

İlkin istintaqla ordumuzun zabiti A.H.Abdullayevin digər zabit Abdullayev Nizami Eynulla oğlu tərəfindən aralarında yaranmış mübahisə zəmnində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Paylaş: