Azərbaycan ərazisində qədim türk tayfası – Subarlar. Biləsuvar şəhəri ilə nə əlaqə? – ARAŞDIRMA

Tarixçi Həmdullah Qəzvininin məlumatına görə Biləsuvar X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır və şəhər də öz adını ondan almışdır. 
 
Tədqiqatçı Sabir Nəsiroğlu “Sehrli diyarın sirri” adlı qısaldılmış tarixi monoqrafiyasında və “Həməşəradan gələn səslər” kitabında tarixi mənbələrə istinad edərək yazır ki, Muğanda xəzərlər, massagetlər və s. tayfalarla yanaşı bilyər və suvarlar da yaşamışdır.
Mixi yazılı mənbələrdə “Savirlər ölkəsindən olan Lullu” xalqından bəhs edilir. Ehtimal etmək olar ki, Savirlər və Lullubəylər eyni ərazidə dinc yanaşı yaşamışlar. Bu birgəyaşayış, çox güman ki, onların qohumluğu ilə bağlıdır və bu, Savirlərin də böyük ehtimalla prototürk mənşəli olduğunu göstərir.
Savir/Sabir adı qədim zamanlardan Mesopotamiyadan Çinə qədər geniş bir ərazidə yayılmışdı. Üstəlik, ehtimal ki, “Sibir” adı Savirlərin adından yaranmışdır.
Əgər eramızın əvvəllərində Savirlər haqqında məlumat verən Klavdi Ptolemey bu tayfanı Qafqazda yerləşdiribsə, onda artıq orta əsrlərdə Sibir tatarlarının mövcud əfsanələrinə görə Savir xalqı Sibirdə yaşayıb. Savirlərin Volqa bölgəsində Suvar şəhərinin əsasını qoyduğu da məlumdur. Onlar müasir çuvaş xalqının əcdadları hesab olunurlar.
Bildiyiniz kimi indiki Tatarstan ərazisində keçmişdə İdil Bulqar xanlığı (X-cu əsr – 1236) mövcud idi. Ordakı ən böyük şəhərləri – Suvar, Bulqar, Bilyar, eyni adlı tayfa adı ilə bağlı idi. Suvar şəhəri IX əsrdə yaranmışdı.
Bizdə də Biləsuvar şəhərinin yanında Bolqarçay çayı mövcüddur. Təsadüf ola bilməz.
Deməli, qədim türklər müxtəlif dövrlərdə bir-birindən uzaq bölgələrdə eyni etnonimlə – Savir/Suvar adlandırılmışlar.
Nəzərə alsaq ki, rəsmi tarix IX əsrə qədər burada böyük türk etnoslarının mövcudluğunun ən kiçik ehtimalını belə tamamilə rədd edirsə, onda Savir türkləri qədim zamanlarda Qafqazda nə iş görüblər?
Yalnız bir şey aydındır: bugünkü elm burada türkləri qədim əhali kimi görmək istəmir.
Bəs onda Assur mixi yazıları ilə nə edək? Qədim müəlliflərin məlumatları ilə nə edək? 1835-ci ildə Londonda nəşr olunmuş və qədim dövrdə Qafqazı göstərən və Zaqafqaziya və Şimal-Qərbi İran ərazisində qədim türk tayfası Savir tayfasının ağ-qara rəngdə göstərilməsi ilə nə etmək olar?
 
Paylaş: