Lənkəranda “Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində təlimlərə start verilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi – Tükəvilə kənd tam orta məktəbinin müəllimi Lalə Əzizovanın rəhbəri olduğu “Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində 03.12.2023 tarixində ilk təlim həyata keçirilib.

Layihənin icrası üçün mərkəz seçilən Lənkəran rayonu A.Əsədullayev adına Şağlaser kənd ümumi orta məktəbində həyata keçirilən təlimin əvvəlində “Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsinin rəhbəri Lalə Əzizova çıxış edərək məktəbliləri salamladıqdan sonra layihənin məqsədləri ilə bağlı məktəbliləri məlumatlandırıb. Belə gözəl təşəbbüslərə verdiyi dəstəyə görə Elm və Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib. Sonra sözü təlimçilərə verib.
“Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsinin təlimçiləri – Samir Salayev və Rafət Şirəliyev çıxış edərək layihə çərçivəsində həyata keçiriləcək təlimlərin proqramı ilə şagirdləri tanış ediblər. Qeyd olunub ki, təlimin mövzuları aşağıdakı 4 modul üzrə həyata keçiriləcək:

I təlim modulu : “Azərbaycanın coğrafi, maddi, infrastuktur araşdırılması (Qarabağ bölgəsi üzrə)”
II təlim modulu: “Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri”
III təlim modulu: “Startap anlayışı, ideyaları və təklifi”
IV təlim modulu: ”E-resursların hazırlanması və təqdimat bacarıqları”
Sonra ilk təlimə start verilib.
“Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsinin təlimçisi – Lənkəran Dövlət Universitetinin müəllimi, peşəkar təlimçi Samir Salayevin təqdimatında Azərbaycanın qədim yaşayış məntəqələrindən olan Fizuli və Şuşa haqqında geniş məlumat təqdim olunub. Qeyd olunub ki, Füzulidə ənənəvi olaraq kənd təsərrüfatı sahələri – heyvandarlıq, üzumçülük, bitkiçilik, ilk növbədə taxılçılıq, onun əsas seqmenti olan ərzaq buğdası istehsalı inkişaf etdirilmişdir. Sənaye sahələrinin inkişafı da diqqət mərkəzində olmuş, xüsusilə aqrosənaye kompleksinin və tikinti sənayesinin inkişafı, emal müəssisələrinin fəaliyyəti məhsuldar xarakter daşımışdır. Füzuli rayonunda “Böyük köç” qayıdışı ərəfəsində bir sıra iri istehsal-sənaye kom¬plekslərinin və zonalarının yaradılması, müəssisələrin istismara verilməsi vacibdir. Rayonun və regionun resurslarından yanaşdıqda, çoxfunksiyalı “Qida və yüngül sənaye” klasterinin təşkili cəlbedici qiymətləndirilə bilər. Şuşa şəhərinin tarixi, abidələri, Azərbaycan mədəniyyətində görkəmli yeri tutan musiqisi haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Sonda məktəbliləri maraqlandıran suallara cavab verilib.
Qeyd edək ki, layihənin təlimləri çərçivəsində Qarabağ ərazisini gələcəkdə inkişafına dəstək olacaq Startap layihələrinin ideyalarının qurmaq hədəf seçilərək Qarabağın regionunun inzibati rayonlarının iqtisadi potensialı məktəblilərə təqdim olunur.
“Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsi 01.10.2023-01.03.2024-cü il tarixlərində Lənkəran rayonunda icra olunur. Layihə çərçivəsində təlimlər 30 nəfər şagirdi əhatə edir.

“Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsinin mətbuat xidməti

Paylaş:
Yuxarı