Lənkəranda “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsi çərçivəsində təlimlər yekunlaşıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 9-cu qrant müsabiqəsinin qalibi Seyranə Dosduzadənin rəhbəri olduğu “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsi çərçivəsində təlimlər uğurla başa çatıb.
02.03.2026 tarixində Lənkəran rayon Separadi kənd tam orta ümumtəhsil məktəbində təşkil olunan, sonuncu təlim kimi 10-cu təlimi giriş sözü ilə layihənin rəhbəri Seyranə Dosduzadə açaraq “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi çərçivəsində görülən işlərə diqqət yönəldib. İştirakçıların rəqs elementləri üzrə hərəkətlərdə inkişafı haqqında danışaraq qeyd edib ki, ümumilikdə ilkin qiymətləndirmə zamanı 10-20% nəticə göstərən məktəblilərin son təlimlərdə 90-100% nəticə göstərməsi təlimlərin faydalı olmasını bir daha ifadə edir. Təlimlər zamanı iştirakçıların milli-mənəvi dəyərlərimizdən olan milli rəqslərə maraqlarının daha da artmasını sevinclə qarşılayaraq məktəblilər üçün yaradılan şəraitə görə Elm və Təhsil Nazirliyinə bir daha təşəkkürünü ifadə edib. Sonra təlimə start verilib.
Layihənin təlimçisi təlim zamanı sonuncu təlim günü olmasını nəzərə alaraq əvvəlki təlimlərdə öyrənilən bütün rəqs nümunələrinin ardıcıllığına, təqdimatına yekun baxış keçirib. “Ümumi rəqs, Son düzəlişlər, Səhnə mədəniyyəti və Final müsabiqəsinə son hazırlıq işləri” mövzusuna həsr olunan 10-cu təlim günü layihə çərçivəsində alınan səsgücləndirici avadanlıqdan və milli rəqs geyim formalarından istifadə olunaraq məktəblilərin səhnədə təlimlər çərçivəsində son çıxışı təmin olunub. 16 mart 2026-cı il tarixinə planlaşdırılan layihənin müsabiqə mərhələsinə hazırlıq işinin ən son hissələri məşq olunaraq başa çatdırılıb. İştirakçı məktəblilərin layihə çərçivəsində qazandığı bacarıqları birlikdə müzakirə olunub.
İştirakçıların layihə çərçivəsində alınan avadanlıq və milli rəqs geyim formalarından istifadə olunaraq layihədən sonrakı dövrdə də maraq qrupu kimi məktəbdə davamlı olaraq yeni iştirakçıların rəqslərə hazırlanması və s. istiqamətlərdə layihənin əsas ideyasının qorunmasına çalışılması məqsəd kimi qarşıya qoyulub. Beləliklə “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsi çərçivəsində planlaşdırılan hər biri 3 saat olmaqla 10 təlim uğurla yekunlaşıb. 16 mart 2026-cı il tarixində planlaşdırılan layihənin müsabiqə mərhələsi təşkil olunacaq. Layihə çərçivəsində alınmış xüsusi səsgücləndirici avadanlıq, 20 ədəd milli rəqs geyimi paltarlarından istifadə olunaraq həyata keçiriləcək müsabiqənin sonunda iştirakçılar layihə çərçivəsində hazırlanmış sertifikatlarla təltif olunacaq.
Qeyd edək ki, “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsi 01.10.2025-01.04.2026-cı il tarixlərində Lənkəran rayonunda icra olunur. Layihənin məqsədi məktəbliləri Azərbaycan milli rəqslərini ifa etməyə cəlb edərək onların həm milli-mənəvi dəyərlərimizlə yaxından tanış etmək, həm də onları fiziki fəallığa davamlı cəlb etmək üçün dayanıqlı imkanlar yaratmaqdan ibarətdir. Layihə 30 nəfər məktəblini əhatə edir.

“Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsinin mətbuat xidməti

Paylaş:
Yuxarı