Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Biləsuvar Yeniyetmə və Gəncləri” İctimai Birliyi tərəfindən həyata keçirilən “Heydər Əliyev və Konstitusiyamız: Müstəqil Azərbaycanın Hüquqi Təməli” layihəsi çərçivəsində növbəti tədbir Şirvan şəhərində baş tutub.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Ülvi Həzizadə bildirib ki, layihənin əsas istiqaməti gənclərin Konstitusiya barədə biliklərinin yalnız nəzəri deyil, praktik müstəvidə də formalaşdırılmasıdır. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu 1995-ci il Konstitusiyası müstəqil Azərbaycanın hüquqi və siyasi sisteminin əsasını təşkil edir və bu sənəd gənclər üçün dövlət-vətəndaş münasibətlərinin hüquqi çərçivəsini anlamaqda mühüm bələdçidir.
Şirvan Şəhər İcra Hakimiyyətinin Ərazi-təşkilatların və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Rafail Nəsirov çıxışında regionda həyata keçirilən dövlət proqramlarından, xüsusilə gənclərin ictimai proseslərə cəlb olunması istiqamətində görülən işlərdən danışıb. O vurğulayıb ki, hüquqi savadlılıq yerli idarəetmədə şəffaflığın və vətəndaş məmnunluğunun əsas şərtlərindən biridir.
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının əməkdaşı Kərimli Natiq çıxışında Konstitusiyanın siyasi sabitliyin təmin olunmasında roluna toxunub. O qeyd edib ki, müasir dövlətçilik modelinin formalaşmasında siyasi institutların məsuliyyəti və hüquqi çərçivəyə sadiqlik əsas prinsiplərdən biridir.
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi Rufina Vəliyeva isə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin təbliği istiqamətində həyata keçirilən maarifləndirici fəaliyyətlər barədə məlumat verib. O bildirib ki, mərkəzdə təşkil olunan sərgilər, mühazirələr və tematik tədbirlər gənclərin tarixi yaddaşının və milli kimliyinin formalaşmasına xidmət edir.
Təlimçi İsmayıl Ağacanlı isə interaktiv təqdimatla çıxış edərək Konstitusiyada təsbit olunan əsas insan hüquq və azadlıqları, vətəndaşların vəzifələri və hüquqi məsuliyyət məsələlərini izah edib, iştirakçıların suallarını cavablandırıb.
Bildirək ki, tədbir Şirvan Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının, Şirvan-Salyan Regional Təhsil İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan-Salyan Regional nümayəndəliyinin təşkilati dəstəyi ilə baş tutub.
Tədbirdə ümumilikdə 100 nəfər yeniyetmə və gənc iştirak edib, proqramın sonunda iştirakçılar sertifikatlarla təltif olunublar. Layihə gənclərin hüquqi düşüncə tərzinin formalaşdırılması, Konstitusiya dəyərlərinə hörmət ruhunun aşılanması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayır.
